Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Binə” Ticarət Mərkəzində vəziyyət gərgin olaraq qalmaqdadır. Yanvarın 19-da ticarət mərkəzinin sahibkarları aksiya keçirəndən sonra bazar tam nəzarətə götürülüb. Bu barədə sahibkarlar bildirib. Onların dediyinə görə, etiraz aksiyasından qorxuya düşən ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova həmin gündən etibarən bazardakı mühafizəçilərin sayını artırıb. Səbəb isə digər sahibkarların yenidən aksiya keçirməsi qorxusudur. Bazarda olarkən həqiqətən də ticarət mərkəzində mühafizəçilərin var-gəl etdiyini gördük. Əvvəllər hər sırada 1-2 mühafizəçi olduğu halda indi bu sıraların hər birində demək olar ki, 30-40 mülki geyimli, idmançı görkəmli şəxslər var idi. Bu şəxslər açıq-aydın sahibkarları nəzarətdə saxlayır, ticarət mərkəzində 2-3 sahibkar bir yerə yığışan kimi həmin ərazini əhatəyə alır, sahibkarları həmin ərazidən uzaqlaşdırır. Artıq iş o yerə çatıb ki, bazarda bir sahibkar digər sahibkarla normal söhbət də edə bilmirlər. Mülki geyimli qoluzorlular Kəbirə Məmmədovanın tapşırığı ilə sahibkarları addım-addım izləyir, onları iki-iki, üç-üç gəzməyə, toplaşmağa imkan vermirlər. Necə deyərlər, ticarət mərkəzində iki-iki, üç-üç gəzmək qazdağandır. Hər sırada mağazaların qarşısında gəzən qoluzorlular sahibkarların bütün hərəkətklərini, danışıqlarını izləyir, onların hansısa bir hərəkət eləməsinə imkan vermir. Sahibkarlar yalnız mal satarkən müştərilərlə danışa bilərlər. Başqa cür sahibkarın hansısa bir qohumu, tanışı və iş yoldaşı ilə danışmasına imkan verilmir.
“Bazarkom” yoxa çıxıb
Sakinlər deyirlər ki, Kəbirə Məmmədova 19 yanvar aksiyasından əməlli-başlı qorxuya düşüb. Aksiyadan sonra Kəbirə Məmmədova köməkçisi Dilşad Əliyeva ilə birlikdə yoxa çıxıb. Həmin gündən sonra o bazara gəlmir, ticarət mərkəzindəki rəhbərliyin inzibati binası qıfıllı qalıb: “Həmin gün Kəbirə Məmmədova burda idi. Sahibkarlar aksiya keçirəndən bir saat sonra 10-15 cangüdənlə birlikdə hadisə yerinə gəldi və bildirdi ki, guya sahibkarlarla danışıqlar aparmağa gəlib. Amma, heç bir sahibkarla danışıq aparmadı. Kəbirə Məmmədova hadisə yerinə gələn kimi sahibkarlar, aksiya iştirakçıları Çevik Polis Alayının əməkdaşları tərəfindən mühasirəyə alındı və həbslər başlandı. Polislərə Kəbirə Məmmədovanın cangüdənləri köməklik etdiklər. Onlar aranı qarışdırdılar, sahibkarlara hücum etdilər və nəticədə qarşıdurma başlandı. Burda heç kim qarşıdurma yaratmaq istəmirdi. Çünki, bizim məqsədimiz Kəbirə Məmmədovanın özbaşınalığı barədə aidiyyəti qurumlara məlumat vermək, bu barədə ictimaiyyəti məlumatlandırmaq idi. Amma, Kəbirə Məmmədovanın adamları özlərini sudan quru çıxarmaq üçün qarışıqlıq yaratdılar və nəticədə 100-dən çox sahibkar həbs olundu”. Sahibkarlar bildirirlər ki, bazarda vəziyyət doğrudan gərgindir. Artıq sahibkarlar davamlı aksiyalar keçirmək qərarındadır . Səbəb isə yanvarın 19-da həbs edilənlərdən 11 nəfərə cinayət işinin başlanmasıdır: “Əslində cinayət işi bizə deyil, Kəbirə Məmmədova və onun qoçularına açılmalıdır. Çünki, hadisənin səbəbkarları da onlar idi. Kəbirə Məmmədova icarə haqqını qaldırmasaydı, onun cangüdənləri bizə hücum etməsəydi, heç kim artıq hərəkət etməyəcəkdi. Onların günahı üzündən bu gün 10-15 ailə başsız qalıb, hüquq mühafizə orqanları isə günahkarlar əvəzinə bizi təqib edir, Kəbirə Məmmədovanın cangüdənlərinə heç nə demir”.
Sahibkarlar bildirirlər ki, yanvarın 19-dan sonra iki dəfə yenidən aksiya keçirməyə cəhd ediblər. Amma, ərazidəki cangüdənlərin yenidən təxribat törədəcəyini hiss edib sakitləşiblər. Amma buna baxmayaraq, həbs olunan sahibkarlar azad olunmayana qədər ticarətçilər mübarizəni davam etdirəcək.
Kəbirə Məmmədova “Sədərəy”ə gedən sahibkarların mağazaların əlindən aldırır
Ticarət mərkəzində olarkən daha bir fakta rəst gəldim. Bazarda hər cərgədə onlarla, bəlkə də daha çox mağaza bağlı idi. Səbəbini soruşanda isə bildirdilər ki, həmin mağazaların sahibləri artıq “Binə” ticvarət mərkəzində işləməkdən imtina edib. Kəbirə Məmmədovanın özbaşınalığı, daha sonra 19 yanvar hadisəsi bu sahibkarları ticarət mərkəzində işləmək fikrindən daşındırıb. Ona görə də, həmin şəxslər mağazaları satışa çıxarıb bazardan gediblər. Həmin şəxslər mallarını “Sədərək” Ticarət Mərkəzinə köçürüb alverini orada davam etdirirlər. Sahibkarlar deyirlər ki, obyektlərini bağlı saxlayan sahibkarlara da Kəbirə Məmmədovanın adamları təzyiqlərini davam etdirir. Bu təzyiq vasitələri isə başqa üsulla həyata keçirilir. Belə ki, Kəbirə Məmmədovanın adamları bağlanan obyektlərin satışına icazə vermirlər. Obyektin üzərinə yazılan “satılır” lövhələri həmin qoluzorlular tərəfindən cırılıb atılır, sahibkarlar təqib olunurlar ki, mağazaları açsınlar: “Mağazaların hamısını öz pulumuzla almışıq. Amma, Kəbirə Məmmədova bizim mağazaların sənədlərini vermir. Şəxsi mülkümüzdə bizimlə icarə müqaviləsi bağlayıb. Hər mağaza sahibkarlara 30-40 min manata satılıb. Öz şəxsi pulumuzla aldığımız mağazaları indi satmağa imkan vermirlər. Deyirlər ya gəl işlə, ya da əlindən alırıq. Belə biabırçılıq olmaz. Öz mülkümüzdür, kimə istəyirik satırıq, bu nə biabırçılıqdır. Heç bir aidiyyəti qurum da bu məsələyə müdaxilə etmir. Kəbirə Məmmədova elə bir adama arxayındır ki, ona heç kim bir söz deyə bilmir”.
Bəli, hazırda “Binə” Ticarət Mərkəzində bu cür hadisələr hökm sürür. Kəbirə Məmmədova yoxa çıxıb, sahibkarlar da bir-bir mağazaları bağlayıb “Sədərək” Ticarət Mərkəzinə axışır. Sahibkarları geri qaytarmaq istəyən Kəbirə Məmmədova isə yenə də təzyiq vasitələrindən istifadə edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır