Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İslamçı Vüsal Quliyev onkoloji xəstədir. Məhbus Vüsal həmçinin 3-cü dərəcəli xərçəngdən, Hepatit C, 12 barmaq bağırsağın xronikası, xroniki xorestit, xroniki bronxit, 3-cü dərəcəli linfositar linfasar xəstəliklərindən əziyyət çəkir.
İslamçı Vüsal Quliyev bu xəstəliklərlə əziyyət çəkdiyi halda məhkəmə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsinə icazə vermir.
İslamçı Vüsal Quliyevin vəkili Əbil Həsənov, hakim Nizami Quliyevə müvəkkilinin ağır xəstəliklərlə əzab çəkdiyinə görə xəstəxana yaxud da ev şəraitində müalicə olunması barədə vəsatət verib.
Vəkil hakimə bildirib ki, indiki vəziyyətdə dustaqların Bakıdan Masallıya aparılıb, gətirilməsi dustaqlara çətinlik yaradır. Xəstə bir insanın isə bu yola tab gətirməsi çox çətindir. Vəkil deyib ki, istintaq zamanı bir neçə dəfə, Vüsal Quliyevin qan qaytardığının şahidi olub. Vüsal Quliyev bu ağır xəstəliklərin müqabilində isə yüngül şəkildə türmədə müalicə alır. Vəkil bildirib ki, hətta görüşdükləri zaman dəfələrlə Vüsal üçün təcili-tibbi yardım çağırılıb. Əbil Həsənov hüquqlarını müdafiə etdiyi Vüsal Quliyevin xəstəlikləri ilə bağlı hazırlanmış sənədləri hakim Nizami Quliyevə təqdim edib.
Sonrakı məhkəmələrdə iştirak edən 7 vəkil Vüsal Quliyevin vəziyyətinin həqiqətəndə ağır olduğunu hakimə bildirib.
Bütün bunlardan sonra hakim məhkəmədə dövlət ittihamçısı Aydın Əliyevdən vəsatət barədə rəyini soruşanda dövlət ittihamçısı bildirib ki, Vüsal Quliyevin xəstəliyi barədə müəyyən tibbi arayışlar baş prokurorluğa gəlib. Vüsal Quliyev həbsxana şəraitində müəyyən qədər müalicə olunur. Onun vəsatətinin dəyişdirilməsinə etiraz edirəm.
Dövlət ittihamçısının rəyindən sonra hakim Vüsal Quliyevlə bağlı qaldırılmış vəsatəti təmin etməyib.
Bildirək ki, Vüsal Quliyevin himayəsində 2 azyaşlı uşaq var və ailənin maddiyyatın ödəyən tək şəxsdir. Vüsal Quliyevi həbsdən saxlanıldığı şəkildə ölərsə bu cinayət kimin boynunda qalacaq?
Bununla bağlı İslamazeri.az vəkil Elçin Namazovla əlaqə saxlayıb. Elçin Namazov bildirib ki, “Təkcə 2013-cü ildə penitensiar xidmətin tabeliyində olan müəssisələrdə ən azı 3-4 nəfər ölüb. Çox təəssüfləndirici haldır ki, cəzaçəkmə müəssislərində müalicəsi mümkün olmayan çox sayda məhkum olmasına baxmayaraq, onları azadlığa buraxmırlar ki, özlərini müalicə etdirsinlər. Nəticədə tez-tez ölüm halları baş verir. Bir neçə gün bundan əvvəl müalicə müəssisəsində daha iki məhkum ölmüşdü. Bu sistemdə olduqca ağır vəziyyət hökm sürür. Məhkəmə hakimiyyətinin olmaması səbəbindən insanlar xəstəliklə əlaqədar azadlığa buraxılması üçün məhkəmələrə də müraciət etmirlər. Vüsal Quliyevin müraciətinin nəticəsi olmadığı kimi. Çünki praktika budur ki, cəzaçəkmə müəssisəsinin və prokurorluğun razılığı olmasa ölüm ayağında olan şəxsi belə azad etmirlər. Həyəcan təbil çalmaq, bütün QHT-lərin diqqətin bu sahəyə yönəltmək lazımdır.”
Bundan öncədə hicab məhbusu Hacı Vaqif Abdullayev ağır xəstə olduğu halda, həbsxanadan buraxılmamışdı. Qısa müddət sonra Hacı Vaqif şəhid edilmişdi.
Qeyd edək ki, Vüsal Quliyev C.M.-nin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır