23 yanvar 2013 - 20:30

"Bizə əsassız olaraq 11 il həbs veriblər amma Gülər Əhmədova üçün internetdə o əsaslar bütün günü dalğa vurur. Heç kəs onu tutmur"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən Mirpaşa Hüseynovun hakimliyi ilə Bakı Apellyasiya Məhkəməsində mübariz ruhani Hacı Abgül Süleymanovun şikayətinə baxılıb.

Abgül Süleymanovun hüquqlarını müdafiə edən Anar Qasımlı ilk vəsatət kimi, ruhaninin həbsi və evində axtarış zamanı qeydə alınmış kardlarının göstərilməsi məsələsini qaldırıb.

Lakin Mirpaşa Hüseynovun hakim heyəti yerində müşavirə keçirərək, vəsatəti təmin etməyib.

Anar Qasımlı daha sonra bildirib ki, təmin olunmayan vəsatət əslində məhkəmənin taleyini həll edə bilərdi. Məhkəmələrin obyektiv işləməməsi artıq hamıya məlumdur. Bu keçirilən məhkəmə də formal xarakter daşıyır. Məhkəmə həqiqətlərdən maraqlı deyil. Abgül Süleymanov həbs olunarkən barəsində həbs-qətimkan tədbiri verilməyib. Keçirilən məhkəmələr qanunsuz hökmü qüvvədə saxlayaraq onu 1 il istintaq müddətində MTN-də saxlanılmasına qərar verib. Daha bir qanunsuzluq. Abgül Süleymanov sanskiya verilmədən 19 gün MTN-də saxlanılıb. Abgül Süleymanov İslam alimidir, ruhanidir. O çıxışlarında narkotiklə mübarizəyə böyük rol verib, deputatları, məmurları qanun pozuntularına görə tənqid edib, Qarabağın azadlığı üçün hakimiyyətə səslənib ki, “Qarabağı azad edə bilmirsinizsə, silah ver bizə, biz Qarabağı azad edək”. Alimin həbsinin səbəbləri bu cür çıxışlardır. Abgül Süleymanov milli-irqi ayrı çekilik salmaqda ittiham olunur. Qarabağın azadlığına çalışmaq milli-irqi ayrı seçkilikdirsə, o zaman bunu qanun formasına salsınlar. Daha bir qanun pozuntusu. Abgül Süleymanov həm narkotik istifadəsində, həmdə satışında ittiham olunur. Şərti olaraq götürsək ki, İslam alimi narkotik istifadə edir. O zaman onun evindən “çıxarılan” narkotikin satış məqsədi ilə olduğu hardan məlumdur. Şərti olaraq deyirəm: Bəlkə elə evindəki narkotiki istifadəsi üçün alıb?! İkincisidəki, İslam aliminin oruc olduğu halda narkotik maddə ilə həbs olunması ilk iş deyil. Hüquq mühafizə orqanları artıq dindarları və alimləri həbs etmək üçün narkotik maddə ilə ilk ittihamı boynuna qoyurlar. Bütün bu qanunsuzluqlar qarşısında heç olmasa Apellyasiya məhkəməsi bundan qabaqki məhkəmələrdə olan qanunsuzluqları təkrarlamasın və ədalətli humanistlik göstərərək Abgül Süleymanova bəraət versin. Ancaq ilk vəsatətimin təmin olunmaması məlum edir ki, burda da eşidəcəyimiz qərar əvvəlkilərdən fərqli olmayacaq.

Hakim, daha sonra ruhani Hacı Abgül Süleymanovdan münasibətini soruşub. Mübariz ruhani bildirib ki, biz iki dənə videoçarx istəyirik göstərəsiniz. Onu da göstərə bilmirsiniz. Bizə əsassız olaraq  11 il həbs veriblər amma Gülər Əhmədova üçün internetdə o əsaslar bütün günü dalğa vurur. Heç kəs onu tutmur. Mən sizdən nə istəyirəm? İki dənə videoçarx. Biri əlim bağlı olan şəkildə cibimə narkotikin atılması, digəri isə qapısı açıq olan evdə axtarışın aparılması video kadrları. Çox şey istəmirik ki?! Demirik ki, bizim üçün Qafqaz dağlarını qaldırıb gətirin bura. Bu iki video kadrlarının göstərilməsi niyə təmin olunmur?

Ruhaninin bu tələbinə hakim Mirpaşa Hüseynov belə qarşılıq verib: “Başqa bir şey istə, onu təmin edə bilmərik”.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar. Müşavirədən sonra isə Mirpaşa Hüsyenov verilən şikayətlərin heç birinin təmin olunmadığını bildirib.

Hakimin son sözündən sonra dindarlar verilən qərarın ədalətsiz olduğunu bildirib. Təkbir şüarları səsləndirilib. Məhkəmə iclası keçirilən zalda hakimin ədalətsiz qərar çıxarmasına görə əsəbləşən bir nəfər etiraz əlaməti olaraq ayaqqabısını hakim Mirpaşa Hüseynova tərəf atıb.

Qeyd edək ki, ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub. O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik saxlama, satmaq və odlu silah saxlamada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə həbs edilib.

Diqqət: Xbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır