Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə dekabrın 27-də azadlığa çıxan məhbuslardan biri də jurnalist Anar Bayramlıdır.
Bu barədə açıqlamasında Anar Bayramlı deyib ki, əfv sərəncamının verildiyini dekabrın 26-da eşitsə də, adının o siyahıda olduğunu dekabrın 27-də bilib: “Bu gün eşitdim ki, mənim də adım o siyahıdadır. Allahın məsləhətinə şükür, hər şey yaxşıdır”.
Anar Bayramlı deyib ki, özü və ya yaxınları Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət etməyib: “Nə özüm əfv üçün ərizə yazmışam, nə də yaxınlarımdan kimsə yazıb. Mənə irəli sürülən ittihama gəlincə, o, şər-böhtan idi. Məni şərləyərək həbs etmişdilər”.
Jurnalist adının Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı siyahıya düşməsindən xəbərdar olduğunu söyləyib: “Kristofer Ştrasserə də, hüquq müdafiəçiləri Leyla Yunis, Zərdüşt Əlizadə, Arzu Abdullayevaya və adını çəkmədiyim, bəlkə indi adı yadıma düşməyən digər şəxslərə də öz minnətdarlığımı bildirirəm”.
Anar Bayramlı bildirib ki, yerli məhkəmə instansiyalarına etibarı yoxdur, ona görə də üzərindən məhkumluğun götürülməsi üçün heç bir müraciət etməyəcək: “Əslində mənim üçün bunun elə bir əhəmiyyəti də yoxdur, onsuz da hər kəs bilir ki, mənə qarşı irəli sürülən ittiham qondarma olub”.
Anar Bayramlı jurnalist fəaliyyətini əvvəlki iş yerində davam etdirəcəyini vurğulayıb: “Əvvəlki iş yerimdə - İran İslam Respublikasının Radio və Televiziya İdarəsində jurnalist fəaliyyətimi davam etdirəcəm”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır