Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” Ictimai Birliyinin Bakı şəhər Nəsimi rayon şöbəsinin sədri Əhməd Rəhmanov “Azadlıq”a belə bir məlumat göndərib: “Bizə SOCAR-ın tabeliyində olan ”Azəriqaz" Istehsalat Birliyində işləyən əlillərdən çoxlu şikayətlər daxil olmaqdadır. Şikayətlərdə göstərilir ki, “Azəriqaz”ın sədri Əkbər Hacıyev qurumun ayrı-ayrı idarə rəhbərlərinə göndərdiyi 27.07.2012 tarixli 817 saylı “Birliyin struktur bölmələrində işləyən əlillər haqqında” məktubdan sonra əlillərə qarşı hüquqpozmalar başlayıb.
Məktubda əlillərin sosial durumuyla bağlı qanunlara istinad edilərək, idarə rəhbərlərinə tabeliklərində olan əlillərin iş şəraitinin yaxşılaşdırılması, onlarla bağlanmış əmək müqavilələrinə yenidən baxılması tapşırılır. Idarə rəhbərləri də öz növbələrində bu məktubu əsas götürərək, guya, əlillərə uyğun yüngül işlər olmadığından əlilləri işdən azad edir..."
O bildirir ki, bu barədə dövlət orqanlarına da müraciət ediblər.
Rəhmanov iddia edir ki, adıçəkilən təşkilatların hərəkəti ciddi qanun pozuntusudur: “Gəlin baxaq görək ki, o təşkilatlar öz işçilərinə Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən ağır iş əmsalı ödəyirmi? Hələ ”Azəriqaz" Dövlət Neft Şirkətinin tabeliyinə keçəndə artıq əlillərin hüquqları, eləcə də Əmək Məcəlləsinin 47-ci maddəsinin B bəndi, 63, 66, 78, 159, 215-ci maddələri kobudcasına pozulmuşdu. Əlillərin iş şəraitini yaxşılaşdıra bilməyən və ya bunu etmək istəməyən idarə rəhbərlərinin son addımları isə artıq yuxarıda göstərilən qanun pozuntularına əlavə olaraq, “Əlilliyin və uşaqların sağlamlıq məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial mudafiəsi haqqında” qanunun 25 və 29-cu maddələrinin də pozulması deməkdir".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır