Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Paytaxt Afinada xeyli sayda insan bir araya gələrək, yeni sərt islahatlara qarşı etiraz edib. Etirazçılar maaşların azalması və iş yerlərinin ixtisarı ilə nəticələnən sərt ölçülərə qarşı şüarlar səsləndiriblər. Nümayşçilər İnzibati İslahatlar Nazirliyinin binasını yumurta-pomidor atəşinə tutub.
Avrozona Xilas Fondunun əsas “sponsoru” olan Almaniya parlamenti Yunanıstana sayca 3-cü olan 43.7 milyard avroluq maliyyə yardımı paketinin ayrılmasına dair qərar qəbul edib.
Sloveniyanın paytaxtı Lyubliyanada keçirilən kütləvi aksiyada da iğtişaşlar törədilib. Azğınlaşmış etirazçılar parlament binasına soxulmağa çalışanda polislə müxalif fəallar arasında qarşıdurma yaranıb. Etirazçılar polis üzərində daş, şüşə qablar və alışqan maddələr atıb.
Asayiş keşikçiləri kütləni dağıdan zaman bir neçə etirazçını saxlayıb.
Qeyd edək ki, iğtişaş baş verməzdən əvvəl, minlərlə insanın iştirakı ilə Sloveniya prezidenti və onun Nazirlər Kabinetinə qarşı kütləvi dinc yürüş keçirilib. Lyubliyana küçələrindən keçən etiraz aksiyasında hökümətin dərhal istefa verməsi tələb edilib.
Avropanın vahid valyuta zonasında da növbəti dəfə rekord işsizlik səviyyyəsi qeydə alınıb. Statistikaya görə, oktyabr ayında Avrozonanın yarandığı 1999-cu ildən bəri işsizlik ən yüksək səviyyəyə - 11.7 %-ə çatıb. İspaniya və Yunanıstan işsizlərin ən çox olduğu avrozona ölkələridir. Hər iki ölkədə işsizlik səviyyəsi 25%-dən çoxdur, gənclər arasında işsizlik səviyyəsi isə 60%-i keçib. Ekspertlər bu rəqəmin gələcəkdə siyasi və iqtisadi fəsadlara yol aça biləcəyini hesab edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır