Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.
Novruz İsmayıl oğlu Məmmədov
1947-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kəndində doğulub.İndiki Azərbaycan Dövlət Dillər Universitetini bitirib və 1970-1971, 1974-1978, 1981-1997-ci illərdə bu ali təhsil ocağında müxtəlif vəzifələrdə çalışıb. 1978-1981-ci illərdə Əlcəzairdə hərbi tərcüməçi işləyib. 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiridir. Filologiya elmləri namizədi, 1-ci dərəcə dövlət müşaviridir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var.
Zeynal Səfər oğlu Nağdəliyev
1957-ci ildə Bakıda doğulub. İndiki Bakı Dövlət Universitetini bitirib. Sovet dövründə - 1981-1991-ci illərdə komsomol sistemində müxtəlif vəzifələrdə çalışıb. 1991-1994-cü illərdə Azərbaycan Gənclər Təşkilatı Mərkəzi Komitəsinin katibi, 2001-2003-cü illərdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci ildən Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Tarix elmləri doktoru, 1-ci dərəcə dövlət müşaviridir.
Əli Hidayət oğlu Əsədov
1956-cı ildə Bakıda doğulub. Uzun müddətdir ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır