9 noyabr 2012 - 20:30

“Tezliklə bu ədalətsizliyə son qoyulmasa, bizi ölkə vətəndaşlığından xaric edin”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Adı Ştrasserin “Siyasi məhbus” siyahısında olan, İslamçı məhbus Rufulla Axundzadənin ailəsi ölkə rəhbərliyinə müraciət edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuroru Zakir Qaralova, Milli Məclis üzvlərinə və hüquq müdafiəçilərinə ünvanlanan müraciətdə bildirilir ki, ailə başçısı həbs edildikdən sonra onlara təzyiqlər edilir. Müraciətdə deyilir: “Yazıb Sizə bildirmək istəyirik ki, ailəmizin başçısı Rufulla Axundzadə 21 yanvar 2011-ci il tarixdə guya ki, şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Həmin gün Astara şəhər, N.Nərimanov küçəsi, ev 170-də yerləşən evimizdə polis və prokurorluq əməkdaşları axtarış aparıblar. Evimizdən dini atributlardan başqa heç nə tapa bilməyiblər. Bundan sonra bizə məxsus olmayan qonşumuza məxsus yarımtikilidən silah-sursat aşkarlayıblar. Həmin andan ailəmizin başçısı Rufulla Axundzadə şübhəli şəxs qismində saxlanılıb. Həmin silah-sursatdan, onun yerləşdiyi yerdən əl və ayaq izlərinin götürülməsinə görə ekspert çağırılması üçün etdiyimiz təkidlərə baxmayaraq, buna məhəl qoyulmayıb. Ailəmizin başçısının həbs olunduğu gündən 6 ay ibtidai istintaqı aparılıb, bu müddətdə əlavə maddələr də irəli sürülüb. Həm ibtidai istintaq zamanında, həm də Bakı şəhər Ağır Cinayətlər üzrə Məhkəmədə keçirilən məhkəmə istintaqı dövründə ailəmizin başçısına qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Buna baxmayaraq, ailəmizin başçısı hakim Eldar İsmayılovun ədalətsiz, qərəzli, sifarişlə çıxardığı hökmlə 11 il 6 ay azadlıqdan məhrum edilib. Hal-hazırda ailəmizin başçısı heç bir günahı olmadan, heç bir cinayət işlətmədən 2 ilə yaxındır ki, həbsdədir. Biz bunu ailəmizə qarşı ən böyük təzyiq hesab edirik.Buna baxmayaraq ailəmizin başçısı həbs olunduğu gündən yenə də ailəmizə qarşı təzyiqlər var. Hər il ailəmizə ayrılmış ünvanlı sosial yardım 6 ay hər dəfə ayrı-ayrı bəhanələrlə Ünvanlı Sosial Yardım idarəsinin rəhbəri Xəyyam adlı birinin başçılığı ilə verilmir. Bunun nəticəsində ailəmizin təbii qaza görə Qaz İstismar İdarəsinə borcu yaranır. Və Astara Qaz İstismar İdarəsinin rəisinin göstərişi ilə qışın oğlan çağında və ya hava bir az soyuqlaşmağa doğru getdikdə kəsilir. İcra Hakimiyyəti və başqa idarələrə müraciət etdikdə, "ailənizin başçısı dövlət əleyhinə danışıb deyə, sizlərə heç nə düşmür" və sair sözlərlə qarşılaşırıq. Amma ailəmizin başçısı heç vaxt dövlət əleyhinə danışmayıb. Hər zaman məmur özbaşınalığından, dövlət işçilərinin qanunazidd əməllərindən danışıb. İslam dinini təbliğ edib, İslam dininə, Qurana, Allahın əmrlərinə qarşı çıxanlarla mübarizə aparıb.

Sizlərdən istəyimiz tezliklə bu ədalətsizliyə son qoyulması, ailəmizin başçısının azad olunması, ailəmizə qarşı təzyiq və təqiblərə son qoyulmasıdır. Son qoyulmadığı təqdirdə, bizi bu ölkənin vətəndaşlığından xaric edin!!!

 

İmza: Axundzadə Tamara Talıb qızı

 Axundzadə Məhəmmədəli Rufulla oğlu

 Axundzadə Fatimə Rufulla qızı

 Axundzadə Ümmülgülsüm Rufulla qızı

 Axundzadə Zeynəb Rufulla qızı

 Axundzadə Məryəm Rufulla qızı

 Axundzadə Əlimürsəl Rufulla oğlu”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır