Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Azərbaycan İslam Partiyasının növbəti Baş Məclisi keçirilmişdir. Baş Məclisin gündəliyinə əsasən aşağıdakı məsələlər daxil edilmişdir:
- Ölkədə ictimai-siyasi vəziyyət;
- Ölkənin Qanunvericilik Hakimiyyətində insan haqlarına və Konstitusiyaya zidd qanunların qəbul edilməsi;
- Qarşıdan gələn 2013-cü il prezident seçkisi və AİP-in bu seçkidə mövqeyi;
- Təşkilati məsələ və cari məsələlər.
Baş Məclisi AİP sədrinin birinci müavini İnqilab Əhədli açaraq ilk növbədə toplantı iştirakçılarını, Baş Məclis adından xalqımızı, bütün müsəlmanları Qədir-Xum bayramı münasibətilə təbrik etmişdir. O, həmçinin AİP sədri hacı Mövsüm Səmədov və partiyanın sədr əvəzi Elçin Manafovun salam və təbrikini məclis iştirakçılarına çatdırmışdır.
Gündəlikdə duran məsələlər barədə AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli çıxış edərək geniş məlumat vermiş, ölkədə baş verən son hadisələr baxımından hakimiyyətin icra və qanunvericilik orqanlarında dövlətçiliyə zidd addımların atılmasını, xüsusən “Sərbəst toplaşmaq haqqında” qanuna mürtəce dəyişikliklər və əlavələrin Milli Məclisdə qəbul olunmasını kəskin tənqid edərək partiyanın buna görə etiraz bəyanatını qəbul etməyi təklif etmişdir.
Akif Heydərli həmçinin qarşıdan gələn 2013-cü il prezident seçkilərində namizəd məsələsini müzakirə edərək konkret qərar qəbul etməyi, lazım gələrsə, ədalətli cəmiyyət, demokratik dövlət, azad insan, ən başlıcası isə hakimiyyət və cəmiyyət arasında münasibətin milli və islami dəyərlərlə tənzimlənməsi prinsipləri prioritet kimi qəbul edilməsi şərtilə ən layiqli namizədi dəstəkləmək fikrini irəli sürmüşdür.
Bir sıra rayon komitə sədrləri fəaliyyət şəraitinin yaxşılaşdırılması təklifini irəli sürdü. İnqilab Əhədli bu məsələləri üzvlük haqlarının toplanması vasitəsilə həll etməyin vacibliyini bildirdi.
Baş Məclis təşkilat məsələsinə də baxdı. Hacı Rövşən Əhmədli Azərbaycan İslam Partriyası sədrinin təşkilat məsələləri üzrə müavini təyin və təsdiq olundu.
Rövşən Əhmədli çıxış edərək gündəlikdə duran məsələlər barədə fikirlərini bildirdi.







Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır