31 avqust 2012 - 19:30

ABŞ rəsmiləri: “Ramil Səfərov 2004-cü ildə Budapeştdə NATO təlimi zamanı Ermənistan zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzası çəkirdi...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Ağ ev Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunmasını pisləyib. Milli Təhlükəsizlik Şurasının sözçüsünün yaydığı açıqlamada deyilir: “Prezident Barak Obama Azərbaycan prezidentinin Macarıstandan qayıtdıqdan sonra Ramil Səfərovu əfv etməsi barədə elandan çox narahatdır. Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabiti Qurgen Marqaryanın qətlini etiraf edib və bu dəhşətli cinayətə görə Macarıstanda ömürlük həbs cəzasını çəkirdi.

Biz Azərbaycan hökumətinə Ramil Səfərovun əfv edilməsi haqqında qərarla bağlı narazılığımızı çatdırırıq. Bu hərəkət regional gərginliyin azadılmasına və barışın təbliğinə yönəldilmiş səylərlə ziddiyyət təşkil edir. Amerika Birləşmiş Ştatları Ramil Səfərovun Azərbaycana köçürülməsi qərarı ilə bağlı Macarıstandan da izahat tələb edir”.

Məsələdən yan qalmayan ABŞ Dövlət Departamenti də məsələyə münasibət bildirib. Sözçü Patrik Ventrellin yaydığı bəyanatda deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan prezidentinin Macarıstandan Bakıya köçürülmüş Azərbaycan ordusunun zabiti Ramil Səfərovu əfv etməsi xəbərindən çox narahatdır. Ramil Səfərov 2004-cü ildə Budapeştdə NATO təlimi zamanı Ermənistan zabiti Qurgen Marqaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzası çəkirdi.

Azərbaycana bu hərəkətlə bağlı dərin narahatlığımızı bildiririk və izahat xahiş edirik. Həmçinin Ramil Səfərovun Azərbaycana köçürülməsi qərarı ilə bağlı Macarıstandan daha ətraflı məlumat xahiş edirik.

Biz regional gərginlikləri artıran hər bir əməli qınayırıq”.

Ramil Səfərov 1977-ci ildə anadan olub. Ankara Ali Hərbi Məktəbini bitirib. Müdafiə Nazirliyinin Gədəbəydəki hərbi hissələrinin birində və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə qulluq edib, baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstan paytaxtı Budapeştdə keçirilən ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə az qalmış həbs olunub. O, ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı öldürməkdə təqsirli bilinib. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi Ramil Səfərovu 30 il müddətinə əfv olunmaq hüququndan məhrum edilməklə ömürlük həbsə məhkum edib.

2011-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib. Elə həmin gün Azərbaycana gətirilən zabit prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Sentyabrın 1-də müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu mayor rütbəsi ilə təltif edib.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır