Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bu gündən etibarən Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti öz işinə başlayır. Sammitdə dünyanın 100-dən çox dövlət nümayəndəsi iştirakı nəzərdə tutulub. Azərbaycan prezidenti İlham Əliyev də sammitə dəvətlidir. Sammit keçirilməmişdən öncə Qərb dövlətləri, xüsusilə ABŞ müttəfiqlərinə tədbirdə iştirak etməməklə bağlı çağırışlar edib.
FaktXeber.com-un BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının İran İslam Respublikasında keçirilməsi və quruma rəsmi Tehranın sədrlik etməsi region üçün nə dərəcədə əhəmiyyətlidir,- sualını cavablandıran Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bildirdi ki, Qoşulmama Hərəkatının varlığı bəşəriyyət üçün çox əhəmiyyətlidir. Ekspert qeyd etdi ki, sammitin Tehranda və digər üzv ölkələrdə keçirilməsinin fərqi yoxdur: "Çünki Qoşulmama Hərəkatı hər şeydən öncə hərbi blokların mövcudluğunun əleyhinə olan bir təşkilatdır: Hərbi blok bütün hallarda qarşıdurmaya, insan ölümlərinə və dağıntılarına gətirib çıxardır. Qoşulmama Hərəkatının prinsipləri və tələbləri kifayət qədər humanist və gələcəyə yönəlik cəhətdən təhlükəsiz və faydalıdır. Bu qurum bir daha dünyaya bəyan edir ki, hərbi bloklar təsis edərək qarşıdurmalar yaratmaq və maddi nemətlər istehsalı üçün lazımı vəsaiti hərbiləşməyə yönəltmək olmaz. Hərbiləşməyə nə qədər vəsait xərclənirsə, bir o qədər də insanların gündəlik tələbat mallarının sayı azalır. Bu səbəbdən də Qoşulmama Hərəkatının fəlsəfəsi bütün hallarda faydalıdır."
Hərəkatın Yaxın Şərq üçün əhəmiyyətindən də danışan Mayis bəy, "Yaxın Şərq hazırda dünyanın diqqətində olan regiondur. Çünki dünyada enerji resursları tükəndikcə Yaxın Şərqin əhəmiyyəti və diqqət mərkəzində saxlanılması gündən-günə artacaq", - deyə bildirdi: "Ona görə də Qoşulmama Hərəkatının fəlsəfəsinin yayılması Qərb ölkələrini ciddi şəkildə narahat edir. Çünki Qərb ölkələrinin fəlsəfəsinə görə, nə qədər mümkündürsə hərbiləşmə artmalıdır. Həmçinin Qərb iqtisadi nəzəriyyəsində hərbiləşmə xüsusi yer tutur. Yəni Kenis nəzəriyyəsi əsasında formalaşan Qərb iqtisadi nəzəriyyəsi onu deyir ki, böhranlar yaxınlaşdıqca, hərbiləşmənin xərcləri artırılmalı və müharibə imkanları genişlənməlidir. Belə olan halda, əhalinin işlə təminatı genişlənərək böhrandan çıxış imkanları artır. Qərb iqtisadiyyatı tamamilə bunun üzərində qurulub. "
Ekspert onu qeyd etdi ki, Qərbin bütün hədəfi ABŞ-ın maraqlarının möhkəmləndirilməsinə yönəlib: "Beləliklə, NATO-nun özünü formalaşmasında da əsas məqsədlərdən biri digər ölkələrin enerji və insan resurslarından istifadə etməkdir. Yəni NATO-nun bütün maliyyəsi və hərbi gücü digər ölkələrin maliyyə resursları hesabına formalaşır. NATO-dan istifadə edərək dünyada ABŞ-ın maraqlarını müdafiə etmək istəyirlər. Belə olan halda, ABŞ heç vaxt Qoşulmama Hərəkatının tərəfdarı ola bilməz. Çünki bu qurum birbaşa ABŞ-ın maraqlarının əleyhinə yönəlib. Qərb ölkələri dünyanı yalnız hərb vasitəsilə əsarətə alaraq öz nüfuzlarını genişləndirirlər. Bir sözlə, Qoşulmama Hərəkatı açıq-aşkar dünyada hegemonluq ideyasını yaymağa çalışan ABŞ-ın və onun vassalı olan bəzi Qərb ölkələrinin maraqları əleyhinə yönəlmiş bir qurumdur. Qurumun əsas hədəflərindən biri sürətli silahlanmanın qarşısını almaqdan ibarətdir."
Hərəkatın sammitinin Tehranda keçirilməsinin Qərb dövlətləri üçün xüsusi bir qıcıq yaratdığını bildirən politoloq, bu məsələdə İİR-ın nüfuzunun genişlənməsinin qurumun yaşaya biləcəyindən xəbər verdiyini bildirdi: "Qoşulmama Hərəkatının yaşaması gələcəkdə həm NATO-nun, həm də ki, ABŞ-ın nüfuzuna ciddi sürətdə zərbə vura bilər. Eyni halda, bu gün ABŞ-ın nüfuzunun artması bəşəriyyətin maraqlarına ziddir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır