20 avqust 2012 - 19:30

Mövsüm Səmədovun məhkəmə prosesi zamanı baş verən qanun pozuntulara heyrətlənən vəkil Andre Çamini bildirdi ki, o könüllü olaraq Mövsüm Səmədovun hüquqlarını müdafiə etmək qərarına gəlib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Avropa məhkəməsində Azərbaycan İslam Oyanış Hərəkatının Banisi, Azərbaycan İslam Partiyasının Lideri Doktor Mövsüm Səmədovun hüquqlarını Anar Qasımlı ilə birgə dünya şöhrətli fransalı vəkil Andre Çami də müdafiə edəcək. Bu barədə FaktXeber.com-a İslamçıların Hüquqlarının Müdafiə komitəsinin sədri Natiq Kərimov məlumat verib.

Komitə sədrinin bildirdiyinə görə Andre Cami artıq iki gündür ki, Bakıdadır: “Fransalı vəkil Bakıda olduğu müddətdə Mövsüm Səmədovun vəkili Anar Qasımlı, hüquq müdafiəçisi və İnsan haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev, DEVAMM sədri İlqar İbrahimoğlu ilə görüşlər keçirib. Görüşdə Mövsüm Səmədovun işi ilə bağlı müzakirələr aparılıb. Eyni halda onun Mövsüm Səmədovun işi ilə bağlı 31 sualı vəkili və hüquq müdafiəçiləri tərəfindən cavablandırılıb.”

Natiq Kərimov onu da bildirdi ki, Mövsüm Səmədovun məhkəmə prosesi zamanı baş verən qanun pozuntuları vəkil Andre Çamini heyrətləndirib: “Vəkilə baş verən qanun pozuntuları haqqında məlumat verdikdən sonra, o, təəccübünü gizlədə bilmədi. Andre Çami bildirdi ki, o könüllü olaraq Mövsüm Səmədovun hüquqlarını müdafiə etmək qərarına gəlib. Baş verən haqsızlıqlar onu məsələyə biganə yanaşmamağa vadar edib. Eyni halda, Andre Çami AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserlə görüşərək Mövsüm Səmədovun işi ilə bağlı müəyyən müzakirələr aparıblar. Vəkil bildirdi ki, Mövsüm Səmədov siyasi məhbusdur və onun dərhal azadlığa buraxılması üçün əllərindən gələni edəcəklər.”

Qeyd edək ki, bundan sonra Mövsüm Səmədovun işi Avropa Məhkəməsində iki vəkil tərəfindən müdafiə ediləcək. Onlar Azərbaycan kifayət qədər tanınmış vəkil Anar Qasımlı və dünyada bir çox siyasi liderlərin vəkili olmuş Ander Çamidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır