Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək ruhaniyə 12 il həbs cəzası verilməsini istəyib. Amma bu vaxt Hacı Abgül Süleymanov dövlət ittihamçısı ilə razaılaşmayaraq kinayəli şəkildə hakimdən ona 14 il cəza verməsini istəyib.
Bundan sonra vəkil Rüstəm Zülfüqarov sadalanan cinayətlərlə bağlı Abgül Süleymanovun heç bir günahının olmadığını, bəraət edilməsini istəyib: "Şahidlərin ifadələrinə istinadən bildirirəm ki, Abgül Süleymanov saxlanıldığı zaman əllərinə qandal vurulub. Qandal vurulduqdan sonra isə cibdən hər şey çıxartmaq olar. Digər tərəfdən 2 şahid Abgül Süleymanovun MTN-nin dediyi yerdə deyil, öz qaynatasının evindən tutulduğunu bildirir.
İkinci məsələ Abgül Süleymanovun evindən narkotik və sursatın, əsgər paltarının çıxmasıdır. Abgül Süleymanov özü ifadəsində bildirib ki, İrandan qayıtdıqdan sonra evində təmir getdiyinə görə o evdə yaşamırlarmış. Yaşayış olmayan evdə tapılan narkotik və sursatın Abgül Süleymanova məxsus olmasına heç bir dəlil yoxdur. İttiham aktında bildirilib ki, evdən tapılan narkotik maddə satış məqsədi ilə olub. Bunu da heç crə sübut edə bilmədiniz. Çünki belə bir iş olmayıb. Bundan sonra vəkil Anar Qasımlının qeydlərindən məhkəmənin xəbəri var. Abgül Süleymanovun evinə qapı kəsilərək girilib, vəkilin yaxud da hər hansı bir nümayəndənin iştirakı olmadan evə girilib.
Üçüncü məsələ isə budur ki, ittiham aktında deyilir ki, Abgül Süleymanov Təhsil Nazirliyi qarşısında aksiya təşkil edib. Özüdə aksiyada fəal iştirak edib. Polis aksiya zamanı fəal 30 nəfəri saxlamışdı. Lakin bu siyahıda Abgül Süleymanovun adı yoxdur. Bu o deməkdir ki, polis aksiya zamanı Abgül Süleymanovda hər hansı fəallıq hiss etməyib.
Dördüncü məsələ isə Papanin adlanan məntəqədə çıxışı ilə əlaqədardır. Çıxışa görə bir neçə ayrı-ayrı çıxarışlar edilib. Bunlardan birincisi milli-irqi ayrı seçkilikdir. Hamınız çıxışı dinləmisiniz yaxud da mətn formasında oxumusunuz. Deyə bilərmisiniz Abgül Süleymanov hansı milləti, irqi üstün tutub yaxud da aşağılayıb?! Hansı milləti hansı millətlə düşmən hesab etmişdir?! Bundan sonra qeyd olunub ki, insanlar təhqir edib. Bu zaman həmin şəxslər məhkəməyə müraciət etməli və Abgül Süleymanovdan şikayətçi olmalıdır. Məhkəməyə izah edildi ki, cihad sözü müharibə demək deyil. Cihad mübarizə mənasını daşıyır. Abgül Süleymanov korrupsiyadan, rüşvətdən, məmur özbaşınalığından və bu kimi neqativ hallardan danışıb və bununla mübarizə aparılması gərəkdiyini bildirib.
Bu sadalanan ittihamların heç biri ilə razı deyilik və Abgül Süleymanovun bəraət almasını istəyirik".
Hakim Abgül Süleymanovun son sözə hazırlaşması üçün məhkəmə iclasını avqust ayının 10-nu saat 12:00-a təyin edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır