8 iyul 2012 - 19:30

İyunun 28-də Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədovun 2 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov Binəqədi Rayon Məhkəməsin qərarından apellyasiya şikayəti verməkdən imtina edib. Bunu iyulun 9-da vəkil Zaman Səmədov deyib.

İyunun 28-də Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədovun 2 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. O, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda təqsirli bilinib.

İyulun 9-da Bakı İstintaq Təcridxanasında Mehdi Məmmədovla görüşən vəkil Zaman Səmədovun dediyinə görə, Mehdi Məmmədov apellyasiya şikayəti verməməsinin səbəbini belə izah edib: “O, ictimaiyyətə mesajını çatdırmağımı xahiş etdi. Mehdi Məmmədov özündə ruh yüksəkliyi hiss etdiyini, hətta ömürlük həbs cəzası alsa da, əqidəsindən dönməyəcəyini dedi. Bildirdi ki, Azərbaycan məhkəmələrinə inanmadığına görə apellyasiya şikayəti verməyəcək. O, həbsinin sifarişli olduğunu da bir daha ictimaiyyətin diqqətinə çatdırmağımı xahiş etdi”.

Mehdi Məmmədov fevralın 18-də saxlanılıb.

    

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır