http://abna.ir/data.asp?lang=13&id=324120
İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseynin inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər təsir göstərdiyini biləcəyik.
1. Yezidə beyət etməyə qarşı müxalifət
Zaman nöqteyi-nəzərindən Hüseynin inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyndən beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, Hüseyndən onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyni çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan Hüseyn bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.
Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əlinin müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində Hüseyn rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər Hüseynin öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi. Hüseynin inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma Hüseyn da buna razı olmurdu. Hər necə olur-olsun, bu məsələ məlumdur ki, Hüseyni Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, Hüseyn Yezidə beyət etməyəcəkdi.
2. Kufəlilərin dəvəti
Hüseyn şəban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu.Hüseynin Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əlinin ədalətli hakimiyyəti yadında qalmış, o Həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi, o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyni Kufəyə dəvət edib ona itaət etsinlər.
Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseynə məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda Hüseynə çatdı.
Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, Hüseynə təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. İmam Hüseyn camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, İmam Hüseyn özü də ora yola düşəcəkdi.
Göründüyü kimi İmam Hüseynin kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki, İmam Hüseynin Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni, beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və Hüseyn üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil Hüseyn belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslami məntəqəyə gedərəm.
Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseynin Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki, Kufə camaatı İmamı dəvət etdiyi üçün İmam Hüseyn Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı, camaat məktub göndərməsəydi, İmam Yezidə beyət edəcəkdi. Xeyr, hətta yer üzünü darısqal etsəydilər də, yenə İmam Hüseyn Yezidə beyət etməyəcəkdi.
3. Əmr be-məruf və nəhy əz-münkər amili
İmam Hüseyn ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki, İmam Hüseyndən beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr, İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki, Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseynin məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir. İmam Hüseynin məntiqi bu idi ki, İslam aləmini fəsad bürüdüyü və hakimiyyət fəsadın mənbəyinə çevrildiyi üçün o, öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
* *
Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseynin inqilabında rolu olmuş, onların hər biri İmam Hüseyn üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseynin bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.
Birinci amil baxımından imam Hüseyn müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər, o da bundan imtina edirdi.
İkinci amil baxımından İmam Hüseyn köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət cavab vermişdi.
Üçüncü amil baxımından isə İmam Hüseyn etiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyndən heç beyət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.
Hər üç amilin öz dəyəri İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?
Şübhəsiz ki, Kufə camaatının dəvətini qəbul etmək amilinin əhəmiyyəti vardır. Çünki İmam Hüseyn Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmam Hüseyı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseynin Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu, imam Hüseynin təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.
Sünnənin məhv olması, bidətlərin yayılması
Hüseyn Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda belə yazır:
"...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!"
Çirkin təbliğlər
Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə "tərbiyələndirmişdi" ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış, üstəlik öz dediklərini onlara İslam təlim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O,özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bidət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (s) (İslamın qocaman, pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əlinin ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli göndərmişdir.
Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri, Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mənanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki, daha əlavə izahata heç ehtiyac da yoxdur.
Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (s) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun, bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (s) ailəsi kimi qələmə verirdi. Belə ki, tarixçilər yazırlar: "Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki, biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik."
Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:
"Kərbəla əsirləri Şama daxil olduqda bir kişi Zeynülabidinin qarşısında durub dedi: "Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi."
Səccad sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra Səccad ) ondan soruşdu:
— Quran oxumusan?
— Bəli!
— Bu ayəni oxumusanmı? "De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm."
— Bəli!
— Bəs bu ayəni necə? "Qohum-əqrəbanın haqqını ödə."
— Bəli!
— Bu ayəni də oxumusan? "Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz [pak] etmək istəyir."
— Bəli!
— Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik.
Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: "İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (s) və Ali-Məhəmmədin (s) düşmənlərinə nifrət edirəm!"
Əsirlərin səfər sovqatı Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
Hüseynin əxlaqı
Bir gün Hüseyn süfrə açmış bir dəstə yoxsul fəqirə rast gəldi. Onlar dedilər: "Ey Peyğəmbər(s.) övladı, buyurun, biz fəqirlərlə bir süfrə başında əyləşin!". Hüseyn buyurdu: "Allah lovğaları sevmir. Mən sizin dəvəti qəbul etdim, siz də mənim dəvətimi qəbul edin." Dedilər: "Məmuniyyətlə, ey Peyğəmbər(s.) balası!". onunla birgə onun mənzilinə gəldilər. Hüseyn ev əhlinə buyurdu: "Evdə nə varsa, qonaqlar üçün gətirin".
Həzrət Hüseyn (ə) Üsamə ibn Zeydin (xəstəliklə bağlı) görüşünə getdi. Üsamə İmam Hüseynı görən kimi dedi: "Ah, bu qəm qüssə əlindən!". İmam Hüseyn buyurdu: Qardaşım, nədən qəmlisən?". Dedi: "60000 dirhəmlik ağır bir borc var öhdəmdə". İmam Hüseyn: "Nigaran olma mən ödəyərəm – dedi. Üsamə: "Qorxuram əcəlim möhlət verməyə". İmam Hüseyn: "Arxayın ol, nə qədər ki, dirisən mən sənin borcunu verəcəyəm". Ravi deyir: "Hüseyn Üsamənin ölümündən qabaq bütün borclarını ödədi".
Ərəb köçərilərindən biri Mədinəyə gəldi. Səxavətlə, kəramətlə ən yaxşı adamı soraqladı. Dedilər: "Axtardığın Həzrət Hüseyndir." Ərəb məscidə daxil olub Gördü ki, Həzrət namaz qılır. İmamın yanına gələrək, şerlə ehtiyacını dilə gətirdi. İmam Hüseyn evə gəlib, Qənbərə buyurdu: "Hicaz malından bir şey qalıbmı?". Dedi: "Bəli qırx min dinar." "Hamısını gətir, bizdən daha layiqli biri var, pula möhtacdır." İmam Hüseyn evin qapısını yarımçıq aralayıb, pulları ərəbə verdi. Şübhəsiz, İmamın belə etməkdən məqsədi bu idi ki, ərəblə göz-gözə gəlməsin və o, xəcalət çəkməsin. Ərəb pulları götürüb ağlaya-ağlaya dedi: "Məgər az bağışlamısan ki, belə edirsən? Ilahi, bu bərəkətli və səxavətli əllər necə torpağa gömüləcək?!".
Səccad buyurur: "Atam Həzrət Hüseyndən eşitmişəm ki, əgər kimsə məni təhqir edib sonradan üzr istəsə, onun üzrünü qəbul edər, bağışlayaram. Çünki Əli ibn Əbu Talib mənə babam Peyğ