18 iyun 2012 - 19:30

“O, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Media forum” saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərovun bioqrafiyasını təqdim edib. Həmin materialda qeyd olunur ki,

Elşad Hüseyn oğlu İskəndərov 1972-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1993-1995-ci illərdə Milli Elimlər Akademiyasının “Tarix” qəzetinin redaktoru vəzifəsini icra edib.

2002-2004-cü illərdə Nyu-Yorkda Kolumbiya Universitetinin beynəlxalq münasibətlər üzrə (MİA dərəcəli) aspiranturasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə (MİA) mütəxəssis dərəcəsinə yiyələnib.

1995-ci ildə yaradılmış Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindəndir, bu qurumda sədr müavini postunu tutub.

1999-cu ildən Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləyib.

2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi olub.

2004-ci ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi seçilib.

2005-2007-ci illərdə Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbəri vəzifəsini icra edib.

2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışıb.

2009-cu ilin mart ayında Azərbaycan prezidentinin sərəncamı ilə fövqaladə və səlahiyyətli səfir rütbəsinə layiq görülüb.

2012-ci il mayın 31-dən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.

Ailəlidir, 3 övladı var.

“Qafqazinfo” komitə sədrinin bioqrafiyası ilə bağlı əldə etdiyi daha bir neçə maraqlı məlumatı da oxuculara təqdim edir.

Belə ki, Azərbaycanın bacarıqlı gənclərindən biri hesab olunan Elşad İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunması heç də təsadüfü deyil. O, bu sahədə ciddi bir təcrübəyə malikdir və uzun müddət Milli Təhlükəsizlik Nazirliyində Dini İcmalarla iş üzrə kurator vəzifəsində çalışıb. E. İsgəndərov həmin vaxt bu sahədə xüsusi xidmətlər göstərib və xaricdən maliyyələşən dini icmaların zərərsizləşdirilməsində rolu olub.

Bu arada qeyd edək ki, Elşad İskəndərovun atası Hüseyn İskəndərov da MTN-in zabiti olub və bir müddət Nazirlikdə xüsusi işlər idarəsinin rəis vəzifəsində çalışıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır