Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Lənkəran rayonunda polis əməkdaşının bıçaqlanması ilə nəticələnən insident baş verib.
Ötən gün axşam saatlarında Lənkəran şəhər Polis Şöbəsinə rayonun Göyşaban kəndi ərazisində narkotik bitki becərilməsi barədə məlumat daxil olub.
Məlumatın rayon Polis Şöbəsinin rəis müavini Qabil Tağıyev tərəfindən verildiyi bildirilib. Bununla bağlı əməliyyat-istintaq qrupu yaradılıb, polis əməkdaşları gecə hadisə yerinə gediblər. Bu zaman Göyşaban kənd sakini, 1976-cı il təvəllüdlü Məzahir Gülağa oğlu Həbibovun 3 hektar qamışlıq ərazinin 1 sotunda 3 istiqamətdə 130-a yaxın marixuana bitkisinin aqrotexniki qaydada becərilməsi faktı aşkarlanıb.
Həmin şəxs polis əməkdaşlarına müqavimət göstərib, polis əməkdaşlarından birinə 3 bıçaq zərbəsi vurub. O digər polis əməkdaşını bıçaqla vurmaq istəyəndə yaralanan polis tabel silahından atəş açaraq onu zərərsizləşdirib. M. Həbibov saxlanılıb.
Əməliyyat qrupu bu gün səhər yenidən əraziyə baxış keçirib. Oradan 130-a yaxın kol, 30 kiloqrama yaxın qurudulmuş marixuana götürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır