Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Milli Məclisin son iclasında xalq artisti, millət vəkili Zeynəb Xanlarova hökumət məmurlarını kəskin tənqid edib. Əhalinin sosial durumuna görə narahatlığını ifadə edən deputat həmçinin, İctimai Palatının aksiyalarında polis zorakılığına məruz qalan qadınların da müdafiəsinə qalxıb. Deputat Azərbaycan qadınlarının ayaqlar altında qalmasına, yerlə süründürülməsinə dözmədiyini deyərək, polisin hərəkətinə etiraz bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov qəzetimizə açıqlamasında xalq artistinin polisə yönəlik bəyanatını dəyərləndirib: «Hamımızın fəxri və sevimlisi olan Zeynəb xanımın «Azərbaycan qadını ayaqlar altında qalırdı» ifadəsini səsləndirərkən görünür, əsəbi olub. Heç vaxt Azərbaycan qadını ayaqlar altında qalmır və qala da bilməz. Buna azərbaycanlı kişi və Azərbaycan polisi heç vaxt imkan verməz. Çünki qadın hamımızın başının tacıdır. O ki qaldı ictimai asayişi pozmağa cəhd edən bir qrup adamın qanunsuz hərəkətlərinin polislər tərəfindən qarşısının alınmasına, burada heç bir qəbahət yoxdur. Ən demokratik dövlətlərdə bu cür hərəkətlərin qarşısını atlarla alırlar».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır