Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İctimai Palata Azərbaycan Respublikası Prezident Administariyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Azərbaycan Respublikası Prezident Administariyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənova
Surəti: Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova
"Diqqətinizə çatdırırıq ki, 30 aprel 2012-ci il tarixdə İctimai Palata kütləvi aksiyaların keçirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Müraciətdə açağıdakı yerlərdən birində yürüş-mitinqin keçirilməsi xahiş olunur.
1. Binəqədi rayonu 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq, S.S.Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışında;
2. Nizami rayonu, 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq, “Təbriz” kinoteatrının qarşısındakı qarşısındakı meydanda;
3. Nərimanov rayonu, Təbriz prospekti ilə kəsişməsindən başlayaraq, Əliyar Əliyev küçəsi ilə keçməklə Nərimanov parkında.
8 və 22 aprel tarixlərində İctimai Palatanın etdiyi müraciətlərə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsi üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində, Elçin Əzizov küçəsində yerləşən Sürücülük məktəbinin meydançasını ayırmış və İctimai Palata bununla razılaşaraq, həmin ünvanda kütləvi aksiya keçirdi. Lakin, təəssüflə qeyd edilməlidir ki, hər iki mitinqin keçirilməsinə süni əngəllər yaradılıb, yollar bağlanıb, həmin ünvana getməli avtobuslar marşrutdan çıxarılıb və meydançaya giriş-çıxış zamanı qeyri-qanuni olaraq yetkinlik yaşa çatmayan şəxslərin iştirakına maneələr törədilib.
Bütün bunları nəzərə alaraq, Bakı şəhərində İctimai Palatanın təyin etdiyi 6 may 2012-ci il tarixli yürüş-mitinqin keçirilməsi üçün münasib yerin ayrılması məqəsilə dövlət orqanları ilə danışıqlar aparmaq üçün Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət işçi qrup görəvləndirilib.
Bununla əlaqədar olaraq, işçi qrupunun üzvləri Sizə müraciət edərək, Bakı şəhərində kütləvi aksiyaların keçirilməsi, bu aksiyaların təhlükəsizliyinin təmin edilməsi və keçiriləcək ünvanaların dəqiqləşdirilməsi məqsədilə Sizinlə görüşmək arzusundadır.
Sizə edilən bu müraciəti İctimai Palatanın xoş arzusu kimi qəbul etməyinizi və qısa müddət ərzində işçi qrupu ilə görüşə razılıq verməyinizi rica edirik."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır