20 aprel 2012 - 19:30

Sulutəpədə döyülən sakin Camal Əliyevin vəziyyəti ağırdır; 18 aprel insidenti ilə bağlı cinayət işi başlandı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sulutəpə qəsəbəsində fırtınadan sonrakı sakitlik vəziyyətidir. Aprelin 18-də evlərinin sökülməsinə etiraz edən sakinlərlə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin qoçuları arasındakı toqquşmadan sonra hələlik heç bir zahiri gərginlik nəzərə çarpmır. Necə deyərlər, hamı öz qınına çəkilib, qəsəbədə yalnız bir neçə polis əməkdaşına rast gəlmək olar. ARDNŞ-in əməkdaşları isə arabir ərazidə müşahidələr aparıb qeybə çəkilirlər.

Tikinti və etirazlar davam edir

Yerli camaat isə yeni həbslərdən ehtiyatlanır. Onlar güman edir ki, hakimiyyət xof mühiti yaratmaq üçün qəsəbədəki ən fəal adamları həbs edəcək. Bununla belə sakinlər evlərinin sökülməsinə yenə cəhd olunacağı təqdirdə birləşməyə və müqavimət göstərib daha böyük və mütəşəkkil etiraz aksiyaları keçirməyə hazırdır. İndisə qəsəbədə evlərin söküntü prosesi dayanıb. Hətta qəsəbənin müxtəlif ərazilərində tikinti işlərinin davam etdirilməsinə, yeni evlərin inşasına belə rast gəlmək mümkündür.

Amma burada ortaya sual çıxır: niyə hökumət vətəndaşların evlərini bir tərəfdən qanunsuz tikili adı ilə uçurduğu halda o biri yandan da təzədən yeni tikintiyə icazə verir? Sulutəpə sakinləri suala çox sadə izah verdilər. Onların sözlərinə görə, istər Sulutəpə, istərsə də qonşu Xocasən qəsəbəsində tikinti işləri həmişə var. Vətəndaşlar torpaq alıb özlərinə ev tikdirir. Hətta aprelin 18-də dağıdılan evlərin bir addımlığında da yeni yaşayış evləri inşa olunur. Bununla belə sakinlər bizimlə söhbətdə Binəqədi Rayon İcra Hakimiyyətini (RİH) və yerli bələdiyyəni ittiham etdilər. Bildirdilər ki, tikintiyə icazə hər iki orqanla razılaşdırılmışdı.

Qəsəbə sakini Vüqar Nağıyevi dinləyək: “Biz bələdiyyəni və rayon icra hakimiyyətini məhkəməyə verib kompensasiya tələb edəcəyik. Əgər məhkəmələr ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə qədər gedib axıra qədər mübarizə aparacağıq. İndiki dövrdə bir daşı daş üstünə icazəsiz qoymaq olmur. Bunu deməkdən yorulmuşuq. Əgər olursa, deməli, ölkədə dərəbəylikdir. Bəs hökumət indiyə qədər hara baxırdı? Rövnəq müəllim yatıb indi ayılıb ki, onun neft torpaqlarında ev tikmişik? İstənilən halda dövlətin borcu bizi razı salmaqdır”.

Digər sakin Nadir Həziyev isə aprelin 18-dəki hadisədən danışdı: “Əlimizdə ”kupça", bələdiyyənin sənədləri var. Hökumət öz orqanlarına nəzarət edə bilmir? Lap bu tikililər qanunsuz olsa da camaatı zorla küçəyə tökmək, döyüb şikəst etmək heç bir qanunda, heç bir ölkədə yoxdur. Əgər belə davam etsə, biz aksiyaları kütləviləşdirəcəyik".

Sonra aprelin 18-də evləri uçurulan sakinlərlə görüşdük. Əlibaba Qəribov həmin gün oğluna məxsus mənzilin R.Abdullayevin adamları tərəfindən söküldüyünü dedi: “Burada oğlum yaşayır. Biz bələdiyyədən sənəd almışıq, icazəsiz iş görməmişik. Gəlib dağıtdılar evimizi. Bizə xeyli ziyan vurublar. Başa düşmədik niyə məhz bizim evi sökməyə başladılar. İndi evimi özüm tikirəm. ARDNŞ-in işçiləri gəlib nəzarət edib getdilər. Evi bərpa etməyimizə heç nə demədilər. İndi eşidirik ki, təzədən gəlib sökməyə başlayacaqlar. Ailəm kirayədə yaşayır. Bilmirəm nə edim”.

Digər vətəndaş Cəbrayıl Əliyev də sökülən evini özü tikirdi. O, qardaşı Camal Əliyevin xəstəxanada ağır vəziyyətdə olduğunu bildirdi: “Həmin gün Camalı vəhşicəsinə döydülər, evdəki qadını-uşağı küçəyə atdılar. Camal hələ də özünə gəlməyib. Gicgahından vurublar. İndi tək duamız, istəyimiz onun sağ qalmasıdır. Bunlardan artıq nə desən gözləmək olar. Mənə 1000 manatdan çox ziyan vurublar. Ailəmizlə kirayədə qalırıq. Evi təzədən tikməyə başlamışam. İmkanım da yoxdur ki, usta, fəhlə çağırım. Ona görə də özüm tikirəm. ARDNŞ-in adamları hələlik bir söz deməyiblər. Gəlib baxıb gediblər”.

Cinayət işi. Kimə qarşı?

Sulutəpə qəsəbəsində baş verən insidentlə bağlı artıq cinayət işi başlanıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən (RPİ) bildirilib. Məlumata görə, Dövlət Neft Şirkətinin Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü həyata keçirən zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında baş verən qarşıdurma ilə əlaqədar RPİ-nin istintaq şöbəsində fakta görə CM-in 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisədə günahkar olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır, zəruri izahatlar alınır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 18-də ARDNŞ əməkdaşları tərəfindən Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib. Bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib. Daha sonra sakinlər Bakı-Şamaxı yolunun 13-cü kilometrində avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı polis bölməsinə aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.

 

Emil SALAMOĞLU

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır