Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən AİP rəhbərliyi həbsdə olan partiya nümayəndələrinin məhkəmə işi ilə bağlı vəkillə görüş keçirib.
Söhbət zamanı hüquq müdafiəçisi işlə əlaqədar maneələr yaradıldığını bildirib: «Bilirsiz ki, biz Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması üçün Ali Məhkəməyə kassasiya şikayəti vermişdik. Əslində bunun təmin olunmayacğını bilirdik. Amma Avropa prespektivi üçün bütün ölkədaxili müdafiə vasitələrindən mümkün qədər istifadə etməyə çalışırıq və bunu da etməliyik. Amma fevral ayının 29-u bu işə baxıldı, kassasiya şikayətlərimiz təmin olunmadı. İndiyədək iş apellyasiya baxışına qaytarılmayıb».
Anar Qasımlı vaxtı ilə hüquqlarını müdafiə etdiyi Eynulla Fətullayevin işinin bir həftənin içində Ali Məhkəməyə verildiyini və qərarın qəbul olunaraq Apellyasiya Məhkəməsinə qayıtdığını deyib:
«Çünki orada onun barəsində həbs qətiimkan tədbiri seçilməsi ilə bağlı müəyyən müzakirələr var idi. Yəni sərf edirdi deyə, həddən artıq tez bir vaxtda həll olundu. Amma hazırda hansı səbəbdən gecikməsini bilmirik. Özüm hakimlə bir neçə dəfə danışmışam. Onlar da sanki yaddan çıxıb, güya xəbərləri yoxdur, şəklində cavablar verirlər. Nəhayət, bu gün bir daha əlaqə saxladım və bəlli oldu ki, iş artıq Ali Məhkəmədən çıxıb. Yəqin ki, bu həftə ərzində biz onun hansı vaxta təyin olunduğunu biləcəyik».
Hüquq müdafiəçi hicab məhbusları ilə mütamadiən hər həftənin şənbə günü görüşdüyünü də bildirib: «Onların səhhəti, saxlanma şəraitləri normaldır. Heç bir problemləri yoxdur».
Vəkil həmçinin AİP-in qərargahı ilə bağlı məsələdən danışdı: «Artıq bu qərargahın qaytarılması üçün mənzilin sahibi ilə danışmışıq. O, bizə etibarnamə verib və onun adından şəxsən özüm istintaqa müraciət etmişəm. Prokurorluqdan məktub almışdım ki, araşdırılıb, nəticəsi barədə cavab veriləcək.
Nəhayət, bu gün məktub aldım ki, müraciətimə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Halbuki iş artıq Ağır Cinayətlər Məhkəməsindən çıxıb, Bakı Apellyasiya Məhkəməsindədir. Normal halda ora göndərməli idilər. Çox güman ki, Bakı Ağır Cinayətlər Məhkəməsi də ora yönləndirəcək. Amma hər bir halda düşünürük ki, bu mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasıdır.
Qərargahın yerləşdiyi mənzillə bağlı cinayət işinin materiallarında hər hansısa bir həbs qoymaq məhdudiyyəti yoxdur. Və mülkiyyətçi bü gün öz mənzilinə daxil ola bilmir. Çünki onun qapısı möhürlüdür və mühafizə altındadır”.
Vüqar Hüseynli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır