1 aprel 2012 - 19:30

Dini mətnlərə baxdıqda, Allaha xidmətin tək vacibat əməllərdən ibarət olmadığını görürük...

Bu gün yazımda Allaha xidmətdən bəhs etmək istərdim. Bəlkə sual yarana bilər ki, niyə məhz bu haqda? Belə ki, düşünürəm müasir dini cəmiyyətdə bu mövzunun dəyəri azalıb. Ya da dəyişib desək, daha münasib olar.

Dini mətnlərə baxdıqda, Allaha xidmətin tək vacibat əməllərdən ibarət olmadığını görürük. Bəs niyə bu gün əksər müsəlmanlar yalnız vacibata əməl etməklə ilahi vəzifənin bununla yekunlaşdığını düşünürlər?!

Fikrimcə, ilk olaraq əksəriyyət fərqində belə deyildir ki, Allaha xidmət nədən ibarətdi. Yəni, bu müstəvidə kifayət qədər maariflənməyiblər.

Digər məsələ - süstlük və arxayınçılıq hissidir fikrimcə. İnsan vacibatdan o yanasına özünü hazır bilmir. Və ya ətrafında fəal olan dindarların kifayət etdiyini düşünür.

Məncə amillərdən biri də Allaha xidmət üçün xüsusi məkan və şəraitin olduğu düşüncəsidir. Yəqin ki, amillər çoxdur. Lakin, hal-hazırda yalnız bunlar düşüncəmə gəlir.

Əslində bu sadaladığımız amilləri aradan qaldıra bilsək, cəmiyyətdə fəal fədakarların sayını çoxaltmaq olar.

Bəs bu amilləri necə aradan qaldıraq?

Hər halda bu müstəvidə maarifləndirmə - ən əsas məsələlərdən biridir.

Bir kəs Allaha xidmətin nə oldugunu dərk etsə, o evdə, ağır iş şəraitində və s. olmasından asılı olmayaraq, ilahi vəzifəsini yerinə yetirər. Bununla o, həm Allahla öz bağını möhkəmləndirmiş olar, həm də topluma xeyir vermiş olar.

Ümüd edirəm ki, tezliklə cəmiyyətimizdə öz ilahi vəzifəsini dərk edən və insanlığa öz xeyirli töhfələrini verən insanların sayı artar. İnsanlar sözün əsl mənasında Allaha xidmət etməklə bəşərə rifah gətirərlər.

 

Humay Hacıyeva

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır