30 mart 2012 - 19:30

Azərbaycan İslam Partiyası ədalətsizliyə qarşı həmişə mübarizə aparıb və bundan sonra da aparacaq

Əhli Beyt -ABNA- xəbər agentliyi- Azərbaycan İslam Partiyası martın 30-da bəyanat yayıb. Bəyanatda deyilir: “Son günlər partiya yerli özək təşkilatlarında konfranslar keçirməyi planlaşdırsa da, icra hakimiyyəti orqanlarının qeyri-qanuni müdaxiləsi ilə üzləşib. Partiya rəhbərliyi qurumun Lənkəran rayon təşkilatının konfransını keçirmək məqsədilə mart ayının 16-da rayon icra hakimiyyətinə rəsmi yazılı müraciət ünvanlayıb. Müraciətdə yerli təşkilatın 28 mart tarixində konfransını keçirmək üçün yer verilməsi istənib və keçiriləcək toplantıya yerli icra orqanları dəvət edilib.

Partiya rəhbərliyinin müraciətinə rəsmi qaydada cavab vermək əvəzinə bir neçə şəxs rayon polis şöbəsinə dəvət edilib, burada təhdid olunublar. Mart ayının 27-də isə polis əməkdaşları Lənkəran sakini, fəal ictimaiyyətçi İlham Hacıyevin evinə gəlib, onu polis şöbəsinə aparıb. Daha sonar İlham Hacıyev Bakı şəhərinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Onun mart ayının 29-u saat 12:00-a qədər bu idarədə saxlanmasını, dindirilməsini tam qanunsuz hərəkətlər kimi qiymətləndiririk.

Aparılan sorğulardan məlum olub ki, vətəndaşların təhdidi siyasi partiyalara, xüsusən də İslam Partiyasına hüquq mühafizə orqanlarının bəslədikləri neqativ münasibətdən doğur. Biz bunu insanların fundamental əqidə azadlıqlarına, konstitusion hüquqlarına, xalqın, millətin inkişafını şərtləndirən vətəndaş cəmiyyətinə qarşı düşmənçilik mövqeyi kimi qiymətləndiririk.

Ölkədə siyasi partiyalara qarşı aparılan repressiyalar hakimiyyətin xalqa ədalətsiz münasibətindən irəli gəlir. Çoxminli tərəfdarı olan İslam Partiyasının mənzil-qərargahının qeyri-qanuni həbs olunması artıq bir ildən çoxdur öz həllini tapmır. Sanki bu ölkədə qanunlar dondurulub. Azərbaycan İslam Partiyası ədalətsizliyə qarşı həmişə mübarizə aparıb və bundan sonra da aparacaq”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır