Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Quba hadisələri ilə bağlı daha iki nəfər saxlanılıb. Yerli mənbələrdən verilən məlumatda bildirilir ki, martın 17-də istintaq orqanları Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevi və şəhər bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanovu da saxlayıb.
Mənbə saxlanan şəxslərə qarşı ittiham irəli sürülüb-sürülməməsi ilə bağlı məlumata malik deyil.
Hazırda Quba hadisələri ilə bağlı saxlanılan 10 nəfərin adı məlumdur. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş direktoru, “Trend” Agentliyinin bölgə müxbiri Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və reklam üzrə menecer Zaur Mustafayev, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevi və şəhər bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanovdur.
Qeyd edək ki, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin həbsi barədə məlumatı martın 17-də PİA.AZ dərc etmişdi. Məlumatda göstərilirdi ki, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyev hadisələrin əsas təşkilatçısı kimi həbs olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır