13 mart 2012 - 20:30

274-cü (dövlətə xəyanət) maddəsi ilə saxlanılanlar haqda hətta vəkilləri də heç bir informasiya vermir

Əhli Beyt -ABNA- xəbər agentliyi- Son günlər ölkədə həbs olunan dindarların sayı, qeyri-rəsmi məlumatlara görə, 25-ə çatıb. Həbslər əsasən fevralın 10-dan başlanıb. Sonuncu həbs mart ayının əvvəllərinə təsadüf edir. Nisbətən yüngül cinayət maddələri (əsasən Cinayət Məcəlləsinin 234-cü maddəsi) ilə həbs edilənlər haqda ictimaiyyətə bir qayda olaraq dindarların vəkilləri məlumat verir. Lakin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə saxlanılanlar haqda nə rəsmi qurumlar, nə də saxlanılanların vəkilləri heç bir informasiyanı bölüşmür.

Qeyri-rəsmi məlumata görə, indiyə qədər Niyazi Əlövsət oğlu Kərimov, Taleh Əliheydər oğlu Rəsulov və Rahim Müseyib oğlu Qasımov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunurlar və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar. Onların dövlətə xəyanət maddəsi ilə ittiham olunduğunu dindarlar üçün dövlət tərəfindən tutulmuş vəkillər (Niyazi Kərimovun vəkili Xədicə Şirinova, Taleh Rəsulovun vəkili Esmiralda Zeynalova, Rahimin Qasımovun vəkili Cahangir Cavadov) bildiriblər.

“Media forum” saytının əldə etdiyi məlumata görə, həmin vəkillərlə müqavilə bağlanmayıb və vəkillər işdən uzaqlaşıblar.

Hazırda Niyazi Kərimovun hüquqlarını vəkil Şəfa Camalova müdafiə edir. O, yalnız istintaq bitdikdən sonra açıqlama verəcəyini deyib.

Niyazi Kərimov fevralın 17-də müalicə olunduğu Maştağa ruhi-əsəb dispanserində həbs edilib. Taleh Rəsulov fevralın 15-də, Rahim Qasımov isə fevralın 13-də tutulub.

Qeyri-rəsmi məlumata görə, Nardaran qəsəbəsinin daha bir sakini - Nüsrət Aydın oğlu Cəlilov da Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham edilir. O da MTN-in təcridxanasında saxlanılır. Üç uşaq atası, Suriyada dini təhsil alan Nüsrət Cəlilov hüquq-mühafizə orqanlarına özü təslim olub.

Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunan Nardaran qəsəbəsinin sakini Əbülfəz Zəkiyev də MTN-in təcridxanasında saxlanılır. Onun haqqında ilkin informasiyanı “Media forum” saytına dövlətin ayırdığı vəkil Rafət Qurbanov vermişdi. Lakin vəkillə müqavilə bağlanmadığından o, işini davam etdirmir.

Fevral ayında həbs olunan ilahiyyatçı Hacı İlham Əliyev də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur. Onun harada saxlandığı məlum deyil. Onun hüquqlarını vəkil Pərviz Ələkbərov müdafiə edir, lakin o da ictimaiyyətə açıqlama verməkdən imtina edir.

“Mediaforum” saytının əməkdaşı fevral ayında həbs olunan dindarlarla bağlı dəfələrlə MTN-ə müraciət etsə də, hər hansı rəsmi məlumat almaq mümkün olmayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır