Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Quba hadisələri digər rayon icra başçıların kürkünə əməlli-başlı birə salıb. Başçılar sələfləri Rauf Həbibovun başına gələnlərdən qorxuya düşərək, baş verənləri qabaqlamaq üçün bir sıra tədbirlər həyata keçirirlər.
Martın 1-nə, yəni Quba hadisəsinə qədər sakinləri icra aparatının kandarına yaxınlaşmağa qoymayan rayon rəhbərləri əməlli-başlı "insafa" gəliblər və sakinləri adam yerinə qoymağa başlayıblar.
Onlara indi məlum olur ki, elin gücü, selin gücüdür. Deməli, insanları saymaq, onlara hörmət eləmək lazımdır...
Belə rəhbərlərdən biri də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevdir. O da quba hadisələrdən böyük dərs alıb və vətəndaşların problemləri ilə maraqlanmağa başlayıb. Belə ki, bu gün o, şəhər sakinlərini qəbul edərək, onların problemləri ilə maraqlanmağa başlayıb.
Gəncədən əldə etdiyimiz son məlumata görə, başçı ilə görüşən vətəndaşlar tərəfindən dilə gətirilən problemlər müxtəlif olub. Onların əksəriyyəti evlərin sənədləşməsi, obyektlərin sökülməsi nəticəsində yeni torpaq sahələrinin ayrılması, işsizlik və kommunal problemlər olub.
Əlil vətəndaşlar da öz problemlərini səsləndirərək, mənzil təminatı, əlillik dərəcələrinin verilməsi kimi çətinliklərdən danışıblar. Elmar Vəliyev bəzi vətəndaşların obyektlərinin uçurulmasını şəhərdə aparılan abadlıq işləri ilə əlaqələndirərək, bu problemin tezliklə həllini tapacağını, vətəndaşlara başqa ərazilərdən torpaq veriləcəyini bildirib.
İcra başçısı həmçinin digər qaldırılan məsələlərlə də bağlı münasibətini bildirərək onların həlli istiqamətində tədbirlər görülməsi üçün müvafiq qurumlara tapşırıqlarını verib. Həmçinin işsizliyin aradan qaldırılması üçün Məşğulluq İdarəsinə vakant yerlər barədə mətbuatda məlumat verilməsi tapşırılıb.
Bu gün başqa bir mənbədən əldə etdiyim son məlumata görə, Elmar Vəliyevin bu gün camaatı qəbul edib, onların şikayətlərini dinləməsinin başqa bir səbəbi də var. Belə ki, bu günlərdə Bakıya Prezident Administrasiyasına çağrılan başçının üzü burada o ki, var danlanıb. Ona xəbərdar edilib ki, əgər şəhərdə problemləri yoluna qoymasa, yaxın vaxtlarda vəzifəsini itirəcək. Üstəlik ona cinayət işi də açıla bilər.
Həmin mənbənin verdiyi məlumata görə, Quba hadisəsindən ruhlanan Gəncə sakinləri müəyyən qüvvələrin yaxın dəstəyi ilə hər an ayağa qalxıb, icra aparatına hücum edə bilərlər. Xüsusilə də Elmar Vəliyevin şəhərə başçı təyin edildikdən sonra həyata keçirdiyi "islahatların" qurbanı olan bir çox orta və kiçik sahibkarlar ona qarşı hər ən ayağa qalxa və icra aparatına hücum edə bilər.
Bundan da xəbər tutan Prezident İlham Əliyev Administrasiya rəhbərliyinə göstəriş verib ki, onu bura çağırıb, əməlli-başlı qulaqburması versinlər.
Həmin mənbənin dediyinə görə, Elmar Vəliyev Bakıdan qayıtdıqdan sonra artıq əvvəlki kimi heğomonluq edə biulmir. Kürkünə birə düşən başçı artıq çalışır ki, vətəndaşlarla ehtiyatlı davranır. Hətta incitdiyi və obyektlərini dağıtdırdığı müəyyən şəxsləri yenidən qəbul edərək, onların şikayətlərini dinləyib. Onlara söz verib ki, yaxın vaxtlarda müəyyən problemlərini həll edəcək.
Rövşən ZİYA
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır