Yenilməz və qüdrətli Allahın adı ilə!
Son günlər Azərbaycan iqtidarı tərəfindən müsəlman xalqımızın başına gətirilən müsibətlərdən birindən Qubanın mübariz və qeyrətli əhalisinin qiyamı vasitəsilə xəbər tutduq. Qolçomaq üsul-idarəsi tətbiq olunan ölkədə bundan başqa nəticə gözləmək olmazdı. Allah şahiddir ki, bu vəziyyət başqa rayonlarda Qubadan min dəfə acınacaqlı haldadır. Nümunə üçün Gəncə icra başçısı Elmar Vəliyevin ayaqqabı ilə məscidə yəni, Allah evinə girib orda "Allahı axtarması" bütöv müsəlman xalqımıza və onun müqəddəsliklərinə böyük həqarətdir.
Allah-Taala, dünyanın harasında olmasından asılı olmayaraq, İslam dinini, müqəddəs Quranı və onun atirbutlarını qoruyan müsəlman xalqa həmişə dayaq olar və onların haqq mübarizəsində addımlarını möhkəmlədər. Quranda oxuyuq: "Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə) yardım göstərsəniz (imanınız möhkəm olsa), O da sizə yardım göstərər və sizi sabitqədəm (haqq mübarizənizdə möhkəm, qüvvətli) edər." (Məhəmməd surəsi, 7) Bu məqama çatmağın yeganə yolu Allahın göndərdiyi, dünya və axirətdə xoşbəxtlik və səadət gətirən İslam və Qurana iman və məhəbbətin möhkəmlənməsidir.
Allah-Taala fitnə-fəsad və mənəviyyatsızlığa qarşı çıxıb, müstəqil, iman, şərəf və qeyrətlə yaşayan müsəlman xalqa qeybi köməklərini əsirgəməz. Quranda oxuyruq: "Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (imanında) düz )və imanda möhkəm olan kəslərə mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (Fussilət surəsi, 30)
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi hələ də müsəlman xalqımızın milli sərvətlərini mənimsəyən, ona zülmlə məşğul olan hazırkı iqtidarın diqqətinə bir neçə mühüm tələbi çatdırır:
Birinci: Məscidlərin sökülməsi və azan səsinin qadağan olunması ilə başlanan, qeyrətli din xadimlərinin, azadlıqsevər gənclərimizin şərlənərək həbs olunması ilə davam edən repressiyalara təcili olaraq son qoyulsun və siyasi məhbus sayılan bütün hicab məhbusları, gənclər, din xadimləri, azadlıqsevərlər zindanlardan azad olunsun;
İkinci: Ölkədə başlamış haqlı narazılıqlara cavab əvəzinə müsəlman xalqın başına min bir oyun açan özbaşına məmurlar, icra başçıları və rüşvətxorlar ciddi cəzalandırılsın və müsəlman xalqdan bu zülmə görə ölkə başçısı birbaşa üzr istəsin;
Üçüncü: Ölkədə müsəlman xalq olaraq şəfər və ləyaqətinin müdafiəsinə qalxmış vətəndaşların tələbləri, o cümlədən, din maarifləndirmə, söz azadlığı, azad toplanmaq kimi haqlar təmin olunsun! İslama qarşı baş almış islamofobiya, hicabofobiya, din xadimlərinə və inanclılara qarşı repressiyalara son qoyulsun, təhsil ocaqlarında baş örtüyünün tam azad olması rəsmiləşdirilsin və bu sahədə bütün maneələr aradan qaldırılsın! O cümlədən, pasport və vəsiqələrdə baş örtüyü qadağası ləğv olunsun, dindarların azad fəaliyyətinə qarşa bütün qondarma qadağalar ləğv olunsun!
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi Quba şəhərinin müsəlman, qeyrətli və şərəfli əhalisinə tam dəstək verir. Bütün müsəlman xalqımızdan bu şəhərin əhalisinə zülmə qarşı mübarizədə dəstək olmalarını xahiş edirik!
"Ey Rəbbimiz, bizə bollu səbir və (mübarizədə) addımlarımıza qüvvət ver! Bizə dinsizlər (əqidəsizlər) üzərində qələbə qazandır!" (Bəqərə surəsi, 250)
Müdafiə Komitəsinin mətbuat xidməti
2012-03-06
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır