5 mart 2012 - 20:30

Gizli otaqdan götürülən iki seyf polisə aparılıb və açılıb...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən martın 1-də Quba rayonunda baş verən xalq üsyanı vaxtı qəzəblənmiş əhali icra başçısı Rauf Həbibovun evini yandırmazdan əvvəl içəri daxil olarkən onun mənzilinin gizli bölümündən iki seyf aşkarlanıb. İcra başçısının ailəsi öncədən tədbir alıbmış; evdə Həbibovlardan kimsə olmayıb, mənzil əhəmiyyətli şəkildə boşaldılıb və qiymətli əşyalar başqa yerlərə daşınıb.

Lakin Rauf Həbibovun villasındakı “taynik”- gizli otaq dərhal aşkarlanıb, orada da yalnız iki ağır seyf qalıbmış. Məlumatı bizə verən mötəbər mənbə iddia edir ki, villadakı gizli otağın qısa müddətdə müəyyən edilməsinin yalnız bir səbəbi var - oraya basqın edənlərin içindəki xüsusi qrupa bu barədə qabaqcadan məlumat verilib: “Bunu da yalnız Həbibovun ətrafından kimsə edə bilərdi. Yaxud da rayondakı xüsusi xidmət sektoru bunun aşkarlanmasında maraqlı olub...”

Məlumatda deyilir ki, mənzilə daxil olanlardan bir qrupu seyfləri dərhal götürmək istəyib. Amma hər heşyi qabaqcadan bilən və özünü yetirən polislər buna imkan verməyiblər. Villada olan bir sıra əşyaların yağmalanmasına şərait yaradılsa da lakin əsas iki seyf polis şöbəsinə aparılıb və orada açılıb. Akt əsasında seyflər açılarkən istintaqçılar heyrətamiz mənzərə ilə qarşılaşıblar. Redaksiyamıza bu məlumatı verən mənbə deyir: “Seyflərin hər birindən 2 milyon manat nağd pul çıxdı”.

Rauf Həbibovun icra başçısı işlədiyi 5 il ərzində bu qədər pul topladığı o qədər də təəccüblü görünmür. Lakin bu qədər pulu Qubadan çıxarmaması, gizli otaqda saxlaması hər kəsi heyrətləndirib. Mənbəmiz deyir ki, sabiq icra başçısı hadisələrin bu qədər sürətlə cərəyan edəcəyinə və belə radikal yekunlaşacağına inanmırmış: “Digər tərəfdən, son vaxtlar onu izləyirdilər. Bu pulların hamısını çıxarıb haraya isə daşımaq ciddi risk tələb edirdi. Lakin 4 milyon manat başçının bütün pulları deyil. Təbii ki, onun xilas etdiyi məbləğlər də var. Həm də bu seyflər elə bir yerdə idi ki, həmin gizli otağı məlumatsız şəxsin dərhal tapması mümkünsüz idi. Onu içəridən satmışdılar”.

Xatırladaq ki, Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyevin bağ evindən istintaqçılar 3 ton qızıl külçə, başqa qiymətli əşyalar müsadirə etmişdilər. Yəni icra başçılarının qazancı hətta mərkəzi hakimiyyətin dəmir nəzarətinə baxmayaraq hər zaman düşünüldüyündən çox olur.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır