Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son günlər ərzində qardaş Türkiyənin siyasi-ictimai həyatında ciddi hadisələr baş verib. Ordunun keçmiş baş qərargah rəisi İlkər Başbuğun həbsi, ölkənin ana müxalifət lideri və CHP başqanı Kamal Kılıçdaroğlunun istintaqa cəlb olunması Türkiyə və dünya ictimaiyyətində böyük ajiotaj yaradıb.
Türkiyədə baş verənləri FaktXeber.com-a şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu proseslərin çoxdan başladığını bildirdi: “Türkiyə iqtidarının atdığı bu addımlar ordunun hakimiyyətə təsir imkanlarını zəiflətmək üçün edilir. İqtidar bütün gücü ilə çalışır ki, ölkədə onun hakimiyyətinə şərik hər hansı bir qüvvə olmasın. Mətbuatda yayılan məlumatlardan belə aydın olur ki, AKP Türkiyə ordusundan qisas almaq qərarına gəlib. Əgər yadınızdadırsa, AKP çox çətinliklə hakimiyyətə gəlib və ondan əvvəldə də Ərdoğanın prezidentliyə namizədliyini qadağan etmişdilər.”
Türkiyə iqtidarının bu addımlarla mərkəzi hakimiyyəti gücləndirmək fikrində olduğunu qeyd edən Akif bəy, “faktiki olaraq AKP-yə qədər Türkiyədə iki hakimiyyətlilik mövcud idi. İqtidar və ordu”, - deyə bildirdi: “Ərdoğan hakimiyyəti mərkəzi hakimiyyətin qurulmasında maneə olacaq bütün qüvvələri aradan qaldırmaq istəyir. Əgər hakimiyyətin atdığı addımlar Türkiyənin güclənməsinə xidmət edəcəksə, bu prosesləri təqdirəlayiq hal kimi qiymətləndirmək olar.”
Türkiyə hakimiyyətinin hər hansı bir məqamda səhv addım atacağından ehtiyatlı olduğunu qeyd edən Akif Nağı, “bütövlükdə atılan addımların hələ ki, Türkiyənin güclənməsinə xidmət edir”, - deyə bildirdi.
“Türkiyədə generalların həbsi ordunun hakimiyyətə qarşı qalxmasına səbəb ola bilərmi” sualına da aydınlıq gətirən təşkilat sədri, “kifayət qədər qabaqlayıcı tədbirlər həyata keçirdilib. Hətta Baş Qərargah rəisinin həbs olunmasından belə çəkinmədilər”, - deyə sualı cavablandırdı: “Bu həbslərlə Türkiyədə generalların toxunulmazlıq düşüncəsi aradan götürüldü. Hələ ki, bu qədər ciddi həbslərdən sonra müqavimət hiss olunmayıb. Kifayət qədər qabaqlayıcı tədbirlər görüldüyünə görə, ordunun hakimiyyətə qarşı qalxma şansı olduqca azdır.”
Xəyal Şükür
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır