Əhli Beyt -ABNA- xəbər agentliyi: Liviya ilə bağlı BMT-də qətnamə qəbul olunduqdan sonra NATO qoşunları qısa bir müddət ərzində Liviya ərazisində hərbi əməliyyata başlayaraq Qəzzafi hakimiyyətinə ciddi zərbələr vurdular. Lakin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildən BMT Təhlükəsizlik Şurasında 4 qətnaməmin qəbul olunmasına baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana bu günə qədər hər hansı bir təzyiq edilməyib.
FaktXeber.com-un “Qarabağ münaqişəsinə qarşı bu cür ayrı-seçkiliklər nədən doğur” sualını cavablandıran “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, bunun bir neçə səbəbi olduğunu bildirdi: “İlk öncə belə bir vəziyyət geosiyasi reallıqdan doğur. Azərbaycan tərəfi reallığı nəzərə alaraq heç bir zaman Dağlıq Qarabağa hər hansı beynəlxalq hərbi müdaxilə ilə bağlı BMT-də məsələ qaldırmayıb. BMT-nin qətnamələrində ərazilərin boşaldılması tələbi qoyulub. Hamıya məlum olduğu kimi geosiyasi reallığın səbəbkarlarından biri Rusiyadır.”
Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik olduğunu qeyd edən Ərəstun bəy, “Qarabağa beynəlxalq hərbi müdaxilə ilə bağlı BMT-də hər hansı bir qətnaməmin qəbul olunması mümkünsüzdür”, - deyə bildirdi: “Digər tərəfdən Dağlıq Qarabağ rəsmi statusuna görə, etnik ərazi münaqişəsidir. Əslində bu bir statusdur. BMT Liviyaya müdaxilə ilə bağlı o vaxt qətnamə qəbul etdi ki, Qəzzafi hökuməti ilkin mərhələdə ona qarşı dinc etiraz aksiyaları keçirən əhalini ordu və silahla qarşıladı. Dağlıq Qarabağ münaqişəsində isə Liviyanın ilkin günlərindən fərqli olaraq hər iki tərəf silahlıdır. Eyni halda onu da deyə bilərik ki, Liviyada rejimin dəyişməsi hamıya lazım idi. Ona görə də BMT-də bu qərar qəbul olundu. Lakin Dağlıq Qarabağın işğaldan azad olunması hamıya lazım deyil.”
Ərəstun Oruclu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qarşıdan gələn ildə də heç bir irəliləyişin əldə edilməyəcəyini söyləyərək, bunun müəyyən səbəbləri olduğunu qeyd etdi: “Qarşıdan seçkilər öncəsi olan bir il gəlir. Ümumiyyətlə münaqişəyə bağlı ölkələrdə kifayət qədər gərginliklər mövcuddur. Azərbaycanın qürur yeri iqtisadi göstəriciləri idi. Bu il artıq həmin göstəricilər də yox vəziyyətindədir. Ölkənin builki iqtisadi artım tempi 0,5% olub. MDB ölkələri içərisində bu göstərici ən aşağı göstəricidir. Artıq Azərbaycanın fəxr edəcəyi bir şey qalmayıb. Ölkə və hakimiyyət daxili də kifayət qədər gərginliklər mövcuddur. Belə bir şəraitdə müharibə etmək ən böyük avantüristlik olardı. Bundan böyük avantürist isə hansısa bir sazişə getməkdir. Saziş isə hər iki tərəfin bu və ya digər kompromislərə getməsi ilə mümkündür. Ona görə də belə bir hal nə Ermənistanda olacaq, nə də ki Azərbaycanda. Qarabağ münaqişəsi ilə bağlı əldə edilən atəşkəs rejimi Rusiya və Qərbin maraqlarına xidmət edir. Ona görə də gələn il üçün hər hansı bir irəliləyiş gözləmək məncə yersizdir.”
Xəyal Şükür
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır