24 dekabr 2011 - 20:30

Dövlət dini öz məqsədləri üçün istifadə edir və paralel olaraq öz dinini yaradır

Azərbaycanda bütün ictimai ideologilardan daha təhlükəli bir reallıq var: bu, dövlətin inzibati resursları hesabına siyasi bütpərəstlik qəlibində kütləviləşdirilən totalitarizmdir. Özü-özlüyündə, bu, bir heçdir. Amma hədsiz korrupsiya və inzibati zorakılıq bu siyasi bütpərəstliyi bütün digər ideyalardan güclü hala gətirib. Bəşəriyyətin bu zamana qədər əxz edə bildiyi bütün pozitiv dəyərlərin məntiqinə zidd olan bu reallığı Azərbaycandan kənarlaşdırmaq üçün yalnız siyasi metodlar məqbuldur. Çünki zor onun müstəvisidir. Azərbaycanda bu ölkə üçün xarakterik olan sivil siyasi münasibətlərin bərqərar edilməsi də heç kimin inhisarında deyil və ola da bilməz. Buna görə də, hansısa ideoloji təmayülün daşıyıcıları demokratiya uğrunda mübarizə aparan siyasi müxalifətin sıralarında dayanırsa, bunu sadəcə olaraq, alqışlamaq lazımdır. Azərbaycanda dini dövlət qurula biləcəyindən ehtiyat edənlər ya ölkənin potensialını, ya da dünyada baş verən qlobal dəyişikliklərin məntiqini nəzərə almırlar. Hər iki arqument Azərbaycanda dini dövlətin qurula biləcəyi barədə təsəvvürləri istisna edir.

Amma buna baxmayaraq, dini inancları ilə ictimai liderlərə çevrilmiş insanları ölkənin perspektivi üçün təhlükə mənbəyi kimi qiymətləndirənlər özləri də bilmədən avtoritarizm üçün arqumentlər hazırlayırlar. Uzun illər ərzində həm postsovet ölkələrində, həm də bir sıra ərəb ölkələrində avtoritar dövlət başçıları öz zorakılıqlarını dünyaya məhz, bu arqumentlə əsaslandırırdılar ki, dini fundamentalizm qlobal terrorun resursu olaraq bu recimləri təhdid edir. Aparıcı dünya dövlətləri də bu “təhlükəni” zərərəsizləşdirmək üçün onlarla əməkdaşlıq edirdi.

Amma Böyük Britaniyanın Özbəkistanda səfiri olmuş Qreyq Murrey bu mifi dağıtdı. Öz karyerası hesabına böyük dövlətlərin bu siyasətini ifşa etdi. (O, müstəbid Islam Karimovun yerli mifik dini qruplaşmaları məhv etmək adı ilə Britaniya və ABŞ-la əməkdaşlığını ifşa edən kitab yazdı). Bu, bir mərhələ idi. Bundan sonra tədricən dərk edildi ki, əslində qlobal terrorun əsas resursları avtoritar rejimlərin yaratdığı qeyri-şəffaf iqtisadi sistemin bətnindədir; terrorizm öz maliyyəsini buradan götürür. Buna görə də, həmin avtoritar rejimlərlə birləşib terrora qarşı mübarizə aparmaq əvəzinə onların özlərini dəyişərək terrorun potensial maliyyə mənbələrini yox etmək siyasəti seçildi.

... Azərbaycan indi dünyadan qapalı saxlanılan ölkədir. Aparılan siyasi mübarizənin məqsədi bu ölkənin qapılarını dünyaya açmaqdır. Yoxsa, dünyanın da qapıları bizim üzərimizə qapalı olaraq qalacaq. Yoxsa, bo ölkənin qapıları bu ölkənin vətəndaşlarının belə üzünə qapalı qalacaq. Dünya ilə bütünləşmək, ümumbəşəri dəyərlərin yaradılmasında iştirak etmək əzmində və imkanında olan bir milləti bağlı qapılar arxasında saxlayanları rədd eləmək lazımdır. Bunu üçün demokratik, dinc mübarizənin prinsiplərini qəbul edən hər kəsin enerjisi məqbuldur.

Azərbaycanda din dövlətin qulluğundadır

Indi Azərbaycanda dinin bir bir mühüm problemi var. Konstitusiyaya görə din dövlətdən ayrıdır. Amma bu qanun da başqa qanunlar kimi işləmir. Din dövlətdən ayrı deyil. Dövlət dini özünə lazım olan bütün müstəvilərdə istismar edir. Dövlət dini özünün istismar və zor mexanizminin əlavəsinə çevirib. Hacı Ilqar kimi insanlar isə bunun əleyhinədir. Onlar dövlətin dini bu kökə salmasından narahat olan və iman gətirdikləri dinin saxta bir qurum tərəfindən sui-istifadə edilməsi ilə barışmayan insanlardır. Və bu insanlar indiki durumun dəyişdirilməsi, ölkədə demokratik münasibətlərin yaranması, insanların inanclarının alver predmetinə çevrilməsinə son qoyulmasını istəyirlərsə, burada tənqid ediləsi nə var ki?..

... Totalitarizm dünyəvi idarətmə sistemi deyil. Ən azı, ona görə ki, dünya bunu inkar edir. Dini dövlət modeli isə dünyanın gündəmindən çıxdığı kimi Azərbaycanın da gündəmində deyil və bizim ölkəmizdə belə bir sistemin qurula biləcəyini ehtimal edərək siyasi simpatiya və ya antipatiya bildirmək süni görünür.

***

Nəhayət, fikrimi Əli Kərimlinin bir mülahizəsi ilə bitirmək istərdim:  “Allahu-Əkbər sədaları zalımdan başqa heç kimi təhdid etmir”. (Əli bəy bu ifadəni ərəb inqilabları haqqında bloq yazısında işlətmişdi)...

Qənimət Zahid

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır