Allahım, Böyüklüyün qarşısında kiçikliyimi hiss edərək acizanə bir şəkildə bu məktubu yazıram.
Ey Rəbbim, Sənin adını hər yerdə eşidirdim.
Ətrafımda bir çoxlarının ibadət etdiklərini də görürdüm. Onlara baxıb həvəslənirdim, “mən niyə namaz qılmayım ki?” deyib namaza başladım. Düşündüm ki, Sənə sevgimi göstərməyim üçün namazdan böyük bir ibadət ola bilməz.
Hardan biləydim ki, ibadət kiçik şeylərdən başlayır. O insanlarla görüşəndə böyük bir ürəklə “mən də namaz qılırıram” deyirdim. Amma digər ibadətlərdən söhbət açılan kimi,”inşaallah gələcəkdə edərəm, hələ özümü hazır hiss etmirəm”- deyib söhbətdən qaçırdım. Dünya nemətlərinə başım elə qarışmışdı ki, onların yanından gedəndə verdiyim o cavabdan utanmağa belə vaxt tapmırdım.
Nəyi gələcəkdə edəcəkdimki? Hansı gələcəkdə edəcəkdim? Mən nəyə hazır deyildim? Gəzməyə, əylənməyə, alış-verişə, boş söhbətlərə daim hazır ikən ibadətlərə niyə hazır deyildim görəsən?
Ey günahkarların sığınacağı, mən heç kəsi yox, özümü aldadırdım sadəcə.
Taki o günə qədər.
Hər zamankı adi günlərdən biri idi. Oturmuşdum ailəmlə birgə. Nəyinsə haqqında danışırdılar və anam: “İnşaallah Allah yol açar”-dedi. Daim eşitdiyim “Allah” kəlməsi həmin an məni çox düşündürdü. Çıxdım o otaqdan və kənara çəkildim. Bu günə kimi cəsarət etmədiyim o sualı verdim öz-özümə : “sən Allah haqqında nə bilirsən?”. “Mən heç nə bilmirəm, sadəcə uşaqlıqdan o kəlmə ilə böyümüşəm”- dedim.
Kimsə mənə bu sözləri pıçıldadı sanki : “Bəlkə Allah yoxdur, sənə uşaqkən hər hansı bir adı desəydilər və “səni O yaradıb”, “Ona dua et” sözləri ilə böyüsəydin tanrın O olası deyildi? Onda da o adı deyib dua edəcəkdin. Tanımadığın o Allaha necə inanırsan? Onun haqqında “sadəcə o adı eşidərək böyümüşəm” deyirsən. Sənə yalan demədiklərini hardan bilirsən? İnsan tanımadığını necə sevə bilər?! Haqqında heç nə bilmədiyin o Allahı sevdiyini düşünürsən? Sən kimi aldadırsan?”
O an dünyam dağıldı sanki, həqiqətən də mənə Allah yox, başqa bir ad desəydilər mən o adı deyib dua edəcəkdim.
Əslində tarix kitablarında çoxallahlılıq haqqında oxumuşdum. Qədim Misirdə baş allah Amon sayılırdı .Anubis ölüm allahı, Ra dünyanın yaradıcısı hesab olunan günəş allahı, Osiris təbiət allahı və s. bu kimi çoxlu allahlara sitayiş edirdilər. Qədim Ellin dövründə, Romada, İranda, Hindistanda, Çində və b. sivilizasiyalarda da buna bənzər idi. Halbuki, bəşəriyyətin haqqı-həqiqəti tapıb layiqli yaşamaları və ölmələri üçün hər qövmə islahatçılar, peyğəmbərlər göndərilmişdi. Lakin sonuncu peyğəmbərə qədər onlardan az bir dəstə həmin peyğəmbərlərə iman gətirdikdən sonra yollarından sapmamışdılar. Ərəblərdə də vəziyyət qarmaqarışıq idi. Bəziləri tamam yollarını azmış, bəziləri əvvəlki monotezmdən bəzi elementləri saxlayaraq yeni əlavələr də etmiş, çox az qism insan isə təkallalıqda qəar tuta bilmişdi. Daha sonra Məhəmməd Peyğəmbər(s.) İslam dinini təbliğ etmiş və ərəblərin əksəriyyəti İslamı qəbul edərək müsəlman olmuş, zamanla da İslam bütün dünyaya yayılmışdı. Bu tarix kitablarından demək olar ki hamının bildiyi primitiv məlumatlarımdan idi. Mən də müsəlmanlığın nə olduğunu bilməyən “müsəlman”lardan sadəcə biri idim.
Bunları düşünəndə çox utandım həmin an, Ey qullarının etdiyi hər şeyi görən Şahid, çox utandım.. Doğrudan da, mən Sənin haqqında heç nə bilmədən Səni necə sevə bilərdim? Hətta sevgimi göstərmək üçün namaz da qıldığımı düşünürdüm. Ən çox da hər dara düşən kimi Səndən yardım istədiyimə utandım. Ey məğlub olmayan Qalib, mənim dostluğum da, sevgim də elə bura qədər imiş. Sevgimi Səni tanımadan qıldığım o namazlarla göstərdim, hansıki qəzası daha çox olan o namazlarla. Dostluğumu da ki, Sənin istəklərini gələcəyə saxlamaqla, amma öz istəklərimin həmin an reallaşmasını istəməklə göstərirdim.
O gündən sonra söz verdim ki, Allahım, Səni axtaracam, balığın suyu axtardığı kimi. Əgər tapsam bəhanələri yığışdırıb, Sənin istədiyin kimi biri olmağa var gücümlə çalışacam.
Ey yoxsulların bitməyən və tükənməyən sərvəti olan Rəbbim, mən hardan biləydim ki, Səni axtarmağa gərək yox imiş, okeanın ortasında yaşayan balığın suyu axtarmasına gərək olmadığı kimi. Hər yerdə aşkar görünəni necə axtara bilərəm axı?! Baxıb da Səni görmədiyim heç nə olmadı. Gecə ilə gündüzün bir- birini əvəz etməsi, o qara torpaqdan çıxan cürbəcür dadlar, onların rəngləri, yata bilmək və səhər yenidən oyana bilmək, gənclik və sürətlə gəlib onu əvəz edən qocalıq hamısı Səndən gəlib Sənə də dönəcəyimizdən xəbər verirdi.
Gənc bir rəfiqəmizin dünyasını dəyişməsi ilə qorxularım artdı. Gələcəyə saxladıqlarımı etməyə tələsməyə başladım.
Ey nemətlərinə nankor olduğumuz halda zülm etməyən, bu dünyada mərhəmətli, o dünyada isə yalnız Adil olan Allahım, bizə verdiyin ən böyük nemətlərdən biri də gənclikdir.
Uşaqkən həyatla tanış oluruq, qocalanda isə canımızın ağrısının, taqətsizliyimizin qayğısını çəkirik. Nə ediriksə, nə qazanırıqsa, çoxunu cavanlıqda qazanırıq.
Nə yaxşı cəsarət edib o sualı öz-özümə verə bildim. Əgər o söhbətlərdən qaça-qaça qocalsaydım...? Dönüşü olmayan peşmançılıqla dəyərləndirə bilmədiyim o ömrə ağlayacaqdım sadəcə. Sənin mərhəmətin sonsuzdur, bəlkə də bağışlayarsan belə demirəm. Sən bağışlayarsan..
Bəs mən, mən utanmayacam? Fəda etməyə bir şey qalmayanda, özümü yad baxışlardan qoruyacağım bir gözəlliyim qalmayanda, tərbiyə edəcəyim bir nəfsim olmayanda ibadət edəcəm? Bəs mən utanmayacam o ibadətdən? Mənə ən çox utancverici amilin Sənin mərhəmətin olduğunu düşünərkən ...?
Nə yaxşı Səni tapdım və Səni tapana kimi yaşamadığımı gördüm. Sənin verdiyinin qarşısını alacaq, vermədiyini verəcək heç bir varlığın olmadığını, çoxluğuna qürrələnilən o pulun Sən istəməyəndə heç bir işə yaramadığını gördüm, Ya Rəbb!
Sinəsini qabağa verib gəzən insanların yağışın altında necə büzüşdüklərini, nazlı-qəmzəli yerişlərin zəlzələ zamanı necə sürətli bir qaçışa çevrildiyini, pəhləvan kimi canlı adamları gözlə belə görülməyən bir hüceyrənin necə qurutduğunu, yarpaqlarını tökən ağacın yenidən necə çiçəklədiyini, o göz oxşayan çiçəklərin təzədən necə solduğunu və heç bir Səni əvəz edəcək nemətin olmadığını gördüm, Ya Rəbb!
Bir nəfərin duasını eşitmək, Səni digərindən yayındırmır. Kiməsə nemət vermək, başqa bir neməti almağına mane deyil. Birinə qəzəbini göstərərkən, digərinə mərhəmət edə bilirsən. Gözə görünməzlik Sənin aşkar olmağına mane deyil. Həm yaxınsan, həm də uzaq. Bu nə cür bir güc, bu nə cür bir qüdrətdir, Ya Rəbb!
Necə ki, İmam Əli(ə.) “Nəhcül-bəlağə”də buyurur:
"... Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.)
Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir.
Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir.
Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.
İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir. Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. Buna görə də Allahı vəsf edən Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə Onun üçün hər hansı bir bənzər və tay bilmiş, «vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar.
Başqasını Ona tay bilən ikiliyə düşmüş olar.
İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar.
Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır.
Onu tanımayan Ona doğru işarə edər.
Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.)
Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.)
«Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.)
«Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.