"İslam qılıncla tərəqqi etməyib. Bu tərəqqi Hüseynin böyük fədakarlığı sayəsində baş vermişdir. Mən məzlum halda qələbə çalmağı Hüseyndən örənmişəm". Hindistanın azadlıq hərəkatının başçısı və ideoloqu Mahatma Qandinin bu sözlərini hər dəfə oxuyanda heyrətlənirəm. Həqiqətən də İmam Hüseyn (ə) məktəbi insana qeyrət aşılayır. Kərbəlada tökülən hər damla qan İslam ağacının böyüməsinə sərf edildiyinə heç bir şübhə qalmır. Nə xoş o insanların halına ki, bu məktəbi dərk edir. Xoşbəxt isə o insanlardır ki, məhz bu qeyrət məktəbinin tələbəsi olur.
Bu yaxınlarda Həcc ziyarətindən qayıdan bir dostum qəribə bir söz dedi. “Allahla dost olmaq nə çətin iş imiş.” Əlbəttə, ilk baxışdan bu sadə bir cümlə olaraq görünə bilər. Amma bu cümlənin arxasında dərin bir məna gizlənir. Açıqlamasını soruşdum. Maraqlı cavab aldım. “Kəbə evi elə bir yerdədir ki, ora dünyanın ən çökək məntəqəsidir və həddən artıq istidir. Indi bir anlıq İbrahim (ə) peyğəmbərin dövrünü təsəvvür elə və düşün ki, Allahla dost olmaq üçün insan öz ailəsini və körpə uşağını belə bir yerdə qoyub gedir. Sən bunu edə bilərdin?”
Düşünürəm... Allahla dost olmaq üçün nəyi qurban vermək olar yenə bir dahinin sözünü xatırlayıram... İngiltərə yazıçısı Çarlz Dikkens öz xatirələrində yazır: "Əgər Hüseyn qiyam etdikdə məqsədi öz dünyəvi istəklərinə çatmaq olubsa, mən başa düşə bilmirəm bəs nəyə görə bacısını, zövcəsini və övladlarını özü ilə aparıb. Bu onun göstəricisidir ki, o yalnız İslam uğrunda fədakarlıq edib".
Bütün bunların fonunda yola salmağa hazırlaşdığımız 2011-ci ili xatırlayıram. İl başlayar-başlamaz Hüseyn (ə) aşiqlərinin həbsi başladı. Burda bir nəfəri xatırlatmaq istəyirəm. Hacı Abgül Süleymanov. Görəsən Hacı Abgül niyə həbs olunub? Axı o nə iş görmüşdü ki, bu qədər “təhlükəli” olub? Suallar, suallar yenə də suallar... düzdür bu gün Hacı Abgülün həbsdə olması bizi ağrıdır. Amma Allahla dost olmaq asan deyil axı... Həm də bu yerdə yenə İmam Hüseyn (ə) məktəbi haqqında deyilmiş bir sözü də xatırlayıram. Şotlandiya əsilli tarixçi, filosof və yazıçı Tomas Karlayl yazır ki, "...Hüseyn az sayla qələbə çalması məni heyrətə gətirmişdir". Bax budur əsl mətləb. Budur Abgülün gücü. Çünki Hüseyn (ə) məktəbinin ardıcılıdır. Çünki yeri gələndə küfrə qarşı çıxmaq üçün Həcci yarımçıq qoyub “Mənim Həccim Kərbəladadır. Qurbanımı orda kəsəcəyəm...” deməyi bacarır.
P.S. Amma təəssüf edirəm... O nadanlara ki, bu məktəbin dəyərini anlaya bilmir. Təəssüf edirəm ki, bu nadanlar ən azı məsihi keşiş Antonio Baranın dərk etdiyini başa düşmür. "Əgər Hüseyn bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq və minarə ucaldardıq və camaatı xristianlığa dəvət edərdik". |Əli Cəfəri|
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır