Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Dekabrın 12-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Məcəlləyə edilmiş dəyişikliklə icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi qadağandır.
Həmin gün prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb. Cinayət Məcəlləsinə əlavə edilən yeni maddəyə görə, qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Media forum” saytına danışan Tural Həsənli deyib ki, qanunlardakı yeniliklər aydın deyil: “Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ümumi xarakter daşıyır. Detallara və mövzulara işarə olunmur. Ümumiyyətlə, Azərbaycanda qəbul olunan bu kimi qanunlar əslində qəlib xarakteri daşıyır. Qanunlardakı son yeniliklərin işləyib-işləməməsi fərdlərdən asılı olacaq. Yəni hakimiyyətin xoşuna gəlməyən və marağına uyğun olmayan ruhanilər bu qanunların qəlibinə salınaraq istənilən vaxt həbslə üzləşəcək”.
İslam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsinə qoyulan qadağaya toxunan Tural Həsənli deyib: “Namazdan tutmuş dini bayramlara kimi hər şey dini ayin mənasını daşıyır. Ona görə qanuna bu cür qadağa salınması anlaşılmır. Görünür, bu məsələdə də fərdlərə baxılacaq. Belə qadağadan istifadə edib istənilən din xadimini neytrallaşdırmaq mümkündür”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır