23 noyabr 2011 - 20:30

Moskva Suriyaya döyüş gəmiləri göndərir, S-300 raketləri də Bəşər Əsəd iqtidarını qoruyacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Suriyaya qarşı hərbi müdaxiləyə sərt şəkildə etiraz edən Rusiya üç döyüş gəmisini bu ölkənin sahil sularına göndərib. Gəmilərin Tartusa çatdığını açıqlayan Dəməşq rəhbərliyi «Rusiya donanmasının Suriya sularında mühafizə məqsədli patrul xidmətinin həyata keçirəcəyini» açıqlayıb.

Suriya hakimiyyətinə qarşı beynəlxalq təzyiqlərə baxmayaraq, Bəşər Əsəd mümkün xarici müdaxiləni önləmək üçün ən böyük silah təminatçısı olan Rusiyanın donanmasına sahil sularını açıb. İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan «Debka» saytının iddiasına görə, Rusiyanın Somali piratlarına qarşı Aralıq dənizinə çıxardığı 3 döyüş gəmisi dünən gecə saatlarında Suriyanın Tartus limanında lövbər salıb.

Gəmilərdə peşəkar kəşfiyyat qruplarının və modern elektron rabitə və dinləmə heyətinin olduğu da qeyd edilib. İsrailin «Haaretz» qəzeti də mövzu ilə bağlı məlumatlara yer verib: «Rusiyanın döyüş gəmilərinin Suriya sularına gəlməsi Moskvanın Qərbin Dəməşq rejiminə qarşı hərbi müdaxiləsinə qəti olaraq etiraz etməsinin göstəricisidir». Rusiyanın «Moskovski Komsomolets» qəzeti isə «Rusiya Suriya üzündən müharibəyə girirmi» başlıqlı məqaləsində bu yanaşmanın Moskva ilə Qərbin arasında gərginliyə yol açacağını yazıb. Bəşər Əsədin adının açıqlanmasını istəməyən müşavirlərindən biri Rusiya gəmilərinin Suriya sahil sularında mühafizə xidməti həyata keçirəcəklərini bildirib. Rusiyanın «Ria Novosti» agentliyi Rusiya dənizçiləri tərəfindən Tartus limanında fotoşəkilləri yayımlayıb.

Xatırladaq ki, Rusiya və Suriya arasında 1971-ci ildə Tartus limanında Rusiyanın hərbi dəniz bazası qurması üçün razılaşma imzalanmışdı. 50 min rus hərbçisinin yer aldığı Tartus bazası SSRİ yıxılana qədər istifadə edilmişdi. Amma sovetlər dağıldıqdan sonra iqtisadi çətinliklər üzündən arxa plana keçən baza Rusiya donanmasına yalnız məntiqi dəstək təmin etmək məqsədilə istifadə edilməkdə davam edib.

Suriyaya ildə 4 milyard dollar dəyərində silah satan Rusiyanın modern radar sisteminə sahib olan S-300 raketlərini Suriyaya satacağı bildirilib. «Əl Quds Əl Ərəbi» qəzetinin Suriyanın Moskva səfirliyindəki mənbələrə istinadən yaydığı xəbərə görə, Dəməşq rejiminə qarşı xarici hərbi müdaxiləni «qırmızı xətt» olaraq görən Rusiya hökuməti Suriya hava sahəsini mühafizə etmək məqsədilə S-300 raketlərini bu ölkədə cəmləşdirmək niyyətindədir. 5 dəqiqə ərzində döyüş hazırlığı vəziyyətinə gətirilə bilən S-300 müasir dövrün ən inkişaf etmiş hava müdafiə sistemlərindən biridir və balistik raketlərə qarşı da istifadə edilə bilir. Bu sistemin radarları eyni vaxtda 100 hədəfi izləyib eyni anda 12 hədəfə tuşlanmaq qabiliyyətinə sahibdir. Suriya S-330 raketləri sayəsində İncirlik, İsrail və Aralıq dənizindəki donanmalardan atıla biləcək raketləri tamamilə zərərsizləşdirə bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır