5 noyabr 2011 - 20:30

Rasim Ağayev: «Cəmiyyətə korrupsiyadan başqa heç nə verməyən hakimiyyət islam ideyasının siyasi arenada alternativsiz qüvvəyə çevrilmişdir.»

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda son dövrlər dindarların aktivləşməsi məsələsi hakimiyyəti narahat etməyə başlayıb. Xüsusən də İranla bağlı olduqları düşünülən bu qüvvələrin ölkədə hakimiyyəti dəyişmək üçün addım ata biləcəyi düşüncəsi mövcuddur. TİA.AZ bildirir ki, son dövrlər baş verən proseslərlə bağlı politoloqların fikirləri kifayət qədər maraqlıdır. Politoloq Rasim Ağayev baş verənləri şərh edib.

- «Hizbullah»ın milyonlarla azərbaycanlının yaşadığı Təbrizdə konsulluğa hücum edəcəyi və bu şəhərdə Azərbaycan əleyhinə aksiya keçirəcəyi fikirləri nə qədər inandırıcıdır?

- Mən burada 1829-cu ildə Rusiyanın Təbrizdəki səfiri Qriboedovun başına gələnlərlə analogiya görürəm. Həmçinin 1979-81-ci illədə Tehrandakı Amerika səfirliyinə edilən hücumu xatırlatmaq istəyirəm. Həmin vaxt 63 amerikan diplomatı girov götürən inqilabçılar onlara 444 gündən sonra azadlığa buraxdılar. Həmin vaxt Amerika diplomatlarını diz üstə çökdürərək şəkillərini çəkən İran inqilabçılarının bu hərəkəti hələ də iki ölkə arasında düşmənçilik üçün əsas cəhət olaraq götürülür.

- Düşünürsüz ki, diplomatik missiyanın nümayəndələrini girov götürmək xeyli əvvəldən siyasi qisas kimi qalmaqdadır?

- Bu iranlıların özünəməxsus mental siyasi elementlərinin göstəricisidir. Belə hallar istənilən ölkəyə qarşı baş verə bilər.

- Hal hazırda Azərbaycanda dindarlara qarşı aparılan repressiyalar əsas götürülür. Belə bir addımın atılması üçün bütün bunlar şərait yaradır, yoxsa başqa səbəblər də var?

- İstənilən halda Bakı ilə Tehran arasında ideoloji fərqlər var. Biri İslam inqilabının bayrağını əlində tutub, digəri isə Qərbin dəyərləri üzərində dövlət qurmaq istəyən keçmiş sovet ölkəsidir. Məsələ odur ki, İran qonşuluğundakı bütün şiə dövlətlərində idoloji mübarizəsini apararaq, özündəki sistemin onlarda da qurulacağı düşüncəsindədir. Tehran birmənalı olaraq qəbul edir ki, bunu qonşu dövlətlərdə həyata keçirmək üçün haqqı çatır. Təbii ki, Azərbaycan İranın bu cür yanaşmasını qəbul etmir və özünün daxili işlərinə qarışması kimi qiymətləndirir. Amma bir tərəfdən də daxildə müsəlmanlarla dialoq aparmaqdan imtina edir.

Lakin demək olmaz ki, İranla Azərbaycan arasında bu gün yaşanan gərginlik təkcə ideoloji və İslamla bağlı məsələlərdir. Bunlar bu gün İranın etdiyi təzyiqlərin və Azərbaycanın daxili işlərinə qarışmasının əsas komponetlərdən biridir. Azərbaycan tərəfi əgər bu şəkildə basqılarını davam etdirərsə, o zaman özü birbaşa ölkənin siyasətində İran faktorunun güclənməsinə şərait yaratmış olacaq.

- İranın Azərbaycanla konfrantasiyaya getiəsinin əsas səbəbləri nələrdir?

- Bu gün İranla Azərbaycan arasında gedən mübarizənin başında dayanan əsas məsələ Bakının xarici siyasəti və zaman içində ABŞ və İsraillə münasibətlərini daha da dərinləşdirməsidir. Azərbaycanın belə bir xarici siyasəti Tehranda narahatlıq yaradır. Xüsusən onu da nəzərə almaq lazımdır ki, İranda yaşayan milyonlarla azərbaycanlının olması və onların İranın siyasi həyatında böyük rol oynamaları da ciddi faktordur. Buna görə də, Tehran qorxur ki, Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlağı yaxın gələcəkdə onun daxili işlərinə radikal şəkildə qarışması ilə nəticələnəcək. Bu səbəbdən İran Azərbaycanı daha çox Qərbin plastdarmı kimi görür.

- Yəni deməyinizdən belə anlaşılır ki, İrandakı azərbaycanlılar və Bakının ABŞ və İsraillə əməkdaşlğı faktorları «Hizbullah» Azərbaycanın Təbrizdəki konsulluğuna hücum etməsi üçün əsas ola bilər?

- Bəli, 20-25 milyon azərbaycanlının İranda yaşaması, bu ölkənin həyatında ciddi rol oynamaları və onların günlərin birində Bakının ağlı ilə oturub-dura bilmə təhlükəsi Tehranı ciddi narahat edir. Burada söhbət təkcə etirazlardan və iradlardan getmir. Azərbaycan faktiki olaraq inqilablar və katakalizmlərin yaşandığı ərəb dünyasının aqibəti ilə üzləşə bilər. Nəzərə alaq ki, İslam və onun ideyaları bu gün böyük kütlələrə hakimdir.

Bu bir faktdır ki, ərəb dünyasında baş verən inqilablarda islamçılar hakimiyyətə gəliblər. Analoji durumun Azərbaycanın da başına gələ biləcəyi ehtimalları böyükdür. Azərbaycandan uzaqda olan ərəb dünyasına deyil, qonşuluqdakı Türkiyəyə diqqət yetirmək yerinə düşər. Çünki bu ölkədə Ərdoğanın rəhbərliyi altında islamçılar hakimiyyətə gəliblər. Bütün bunlar Azərbaycanda müsəlmanların hərəkətlənməsinə səbəb ola bilər. Ona görə də, hakimiyyət maksimum radikal vasitələrlə dindarları susdurmağa çalışır. Təəssüf ki, hakim partiya indiyə qədər yalnız korrupsiya ilə məşğul olub və bunun fonunda əhalinin böyük bir qismi, xüsusən də gənclərin dinə meyillənməsi baş verib. Onu da diqqətdən yayındırmaq olmaz ki, bu gün Azərbaycanın siyasi səhnəsində olan Müsavat və AXCP kimi aparıcı partiyalar əhali arasında dindarlarla müqayisədə populyar deyillər. Belə olan təqdirdə, düşünmək olar ki, hazırkı vəziyyətdə Azərbaycanın siyasi səhnəsində dindarlar alternativsiz qüvvə olmaq imkanına malikdirlər.

 

 Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır