27 oktyabr 2011 - 20:30

Azərbaycan Respublika Prokurorluğu: “Azərbaycan İslam Partiyasının ofisi məsələsi baş prokuror Zakir Qaralovun diqqətindədir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 7-də islamçıların lideri Mövsüm Səmədovu və daha 5 nəfəri azadlıqdan məhrum edib.

Azərbaycan İslam Partiyasının Bakıda, Hidayətzadə küçəsi, 51-də yerləşən qərargahı yanvarın 13-də Respublika Prokurorluğu əməkdaşlarının apardığı axtarışdan sonra bağlanıb. Axtarışlar İslam Partiyasının liderinə və funksionerlərinə açılan cinayət işi ilə bağlı olub. Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev o zaman ofisin bir neçə gün bağlı qalacağını deyib, ancaq məhdudiyyət bu günə qədər davam edir.

Partiyanın mətbuat xidmətinin rəhbəri Cavid Cabbarlının sözlərinə görə, prokurorluğun dəftərxanasından deyiblər ki, oktyabrın 13-də təqdim olunan ikinci müraciətin (birinci müraciət sentyabrın 22-də olmuşdu) üstü yazılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Dəftərxanadan onu da bildirdilər ki, yaxın günlərdə yazılı cavab veriləcək”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Azərbaycan İslam Partiyasının ofisi məsələsi baş prokuror Zakir Qaralovun diqqətindədir”. Qərargahının qaytarılması üçün Respublika Prokurorluğuna iki dəfə yazılı müraciət edən AİP-ə belə bir şifahi cavab verilib.