Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tez-tez mətbuatda Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserə viza verilməməsi məsələsi gündəmə gəlir. Bu məsələdə də hər vaxt Azərbaycan hakimiyyəti günahkar hesab olunur. Verilən məlumatlara görə, Azərbaycan hakimiyyəti indiyə kimi K. Ştrasserə viza verilməməsini onun mandatı ilə izah edir. Belə ki, rəsmilər Azərbaycanda siyasi məhbuslarla bağlı meyarın müəyyən olunmadığını bildirir və buna görə də Ştrasserin səfərini mənasız hesab edirlər.
Bəs görəsən, öz viza məsələsini həll edə bilməyən K. Ştrasser, siyasi məhbus məsələsinin həllində nə dərəcədə təsirli ola bilər?
Deyerler.Org un bu sualını “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb: “Mən hesab edirəm ki, AŞ PA ya Azərbaycana dair siyasi məhbuslar üzrə məruzəçi postunu ləğv etməlidir, ya da Azərbaycan hökumətinə bunu qəbul etdirməlidir. Düzdür, mən başa düşürəm ki, Avropa Şurası, AŞ PA çox oyuncaq, qondarma və nüfuzsuz qurumlardır. Amma bu dərəcədə də özünü aşağılamağı mən təsəvvür etmirdim. Hesab edirəm ki, bu qurumlar tam təhqir olunmuş şəkildədirlər. Əgər onların təyin etdiyi şəxsi Azərbaycana buraxmırlarsa, ona viza vermirlərsə, onun siyasi məhbuslara dair hansı qərara, nəyə təsiri ola bilər? Atalar sözündə deyildiyi kimi, “Özünə umac ova bilməyən, başqasına əriştə kəsəcək?”.
Ekspert eyni zamanda hesab edir ki, bütün problem AŞ PA-dadır: “Hesab edirəm ki, günah heç Ştrasserdə də deyil, AŞ PA-dadır. AŞ PA-nın da başında Azərbaycan hakimiyyətinə bağlı, Azərbaycan hakimiyyəti qarşısında hər cür alçalan bir şəxs dayanıb. Mən ilk növbədə Mövlud Çavuşoğlunu nəzərdə tuturam. Heç olmasa M. Çavuşoğlu bu prosesə təsir edəydi. Azərbaycan hakimiyyətinə yalvarıb-yaxaraydı ki, buraxın.
Bu artıq konkret göstəricidir ki, Azərbaycan hakimiyyətinə AŞ, AŞ PA səviyyəsində heç bir təsir mexanizmləri yoxdur. O zaman bu qurum ümumiyyətlə nəyə lazımdır? Söhbət sadəcə məruzəçidən getmir, ümumiyyətlə, qurumdan gedir. Əgər Azərbaycan kimi kiçik bir ölkəyə öz iradəsini qəbul etdirərək, adicə məruzəçisinin gəlib vəziyyətlə maraqlanmasına imkan yarada bilmirsə, o zaman bu qurum nəyə lazımdır və ya bu quruma nə ehtiyac var?”. Deyerler
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır