Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Asiya Dialoqu Ictimai Birliyinin təşkil etdiyi “Mavi Mərmərə ilə azadlığa” adlı beynəlxalq tədbir oktyabrın 17-də saat 11-də “Park INN” otelində keçirilməliydi. Lakin dünən oteldən təşkilatçılarla əlaqə saxlanılıb və bildirilib ki, “Mavi Mərmərə” gəmisində baş verən olaylardan sonra gərginləşən Türkiyə-Israil münasibətlərinə həsr edilən bu tədbir baş tutmayacaq. Bu barədə “Azadlıq”a məlumat verən Asiya Dialoqu Ictimai Birliyinin rəhbəri Sevil Nuriyevanın sözlərinə görə, əlaqə saxlayan şəxs buna səbəb kimi oteldə elektrik xətlərinin partlamasını göstərib.
Tədbirdə müxtəlif ölkələrdən qonaqların iştirakını və baş verənlərin xarici mətbuatda müzakirə mövzusuna çevrilmək ehtimalını nəzərə alan təşkilatçılar çıxış yolunu başqa bir məkan tapmaqda görüblər. Dünən “Avropa” otelilə razılığa gəlmək mümkün olub. Beləliklə, “Mavi Mərmərə ilə azadlığa” adlı tədbir əvvəlcədən planlaşdırıldığı gündə və saatda, sadəcə, fərqli məkanda - “Avropa” otelində keçiriləcək.
Sevil Nuriyeva deyir ki, dünən onlara “Park INN”də tədbirin baş tutmayacağı bildiriləndə bu xəbərə həm təəccüblənib, həm də yox. Tanınmış jurnalist göstərilən səbəbin nə dərəcədə real olduğunu öyrənmək məqsədilə özü araşdırma aparıb. Amma məlum olub ki, “elektrik xətlərinin partladığı” məkanda başqa bir tədbir keçirilir. Odur ki, Sevil Nuriyeva bu məsələdə hansısa qüvvələrin əlinin olduğunu istisna etmir.
“Hesab edirəm ki, bu, bəzi maraqlı qüvvələrin fəaliyyətinin nəticəsi ola bilər. Amma kimin? Necə? Bu barədə yalnız ehtimallarla danışmaq olar. Amma bunu qəti şəkildə deyə bilərəm ki, belə bir tədbiri pozmaq cəhdi beynəlxalq səviyyədə Azərbaycanın əleyhinə yönələ bilərdi. Bu pozuntu, maneçilik nəticəsində tədbir ümumiyyətlə təxirə salınsaydı, heç şübhəsiz ki, baş verənlər Türkiyə və digər ölkələrin mətbuatında müzakirə mövzusuna çevriləcəkdi, müxtəlif nəticələr çıxarılacaqdı. Son nəticədə də bütün bunlar Azərbaycanın əleyhinə yönələcəkdi. Bütün bunların qarşısını almaq üçün tələsik Avropa otelilə problemi yoluna qoymağa çalışdıq və çox yaxşı ki, buna nail olduq”, - deyə Sevil Nuriyeva bildirib.
Onu da qeyd edək ki, təşkilatçılar onları çətin vəziyyətdə qoyan “Park INN” otelindən kompensasiya tələb edəcək: “Çünki on gün əvvəl bizimlə müqavilə bağlanıb, dəvətnamələr hazırlanıb, paylanılıb. Bu gün (dünən-red.), özü də iş gününün bitməsinə az qalmış zəng eləyirlər ki, alınmayacaq. Belə bir ciddi beynəlxalq tədbir az qala, onların üzündən pozulacaqdı”.
azadlıq qəzeti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır