Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 14-də Müsavat Partiyasının qərargahında 2 aprel aksiyası zamanı həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli aclıq aksiyasına başlayıblar.
Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli verdiyi açıqlamada deyib ki, səhhətləri imkan verdiyi qədər aksiyanı davam etdirəcəklər: “Ən azı üç gün aclıq edəcəyik. Tələbimiz 2 aprel aksiyaçıları ilə yanaşı Ruslan Bəşirli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli və bütün siyasi məhbusların azad olunmasıdır. Məhbus analarından da aksiyaya qoşulmaq istəyənlər var. Növbəli formada olsa da, tələblərimizə reaksiya verilənədək aksiyanı davam etdirəcəyik”.
Aclıq aksiyasına başlayanlara siyasi partiya nümayəndələri, ictimai xadimlər baş çəkib.
Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir. Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub.
Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi İsgəndərli aprel ayında azadlıqdan məhrumetməyə məhkum edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır