Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov barəsində Səbail Rayon Məhkəməsinin 5 oktyabr qərarından verilmiş şikayətə baxılacaq. Məlumatı vəkil Ramil Məmmədov verib.
Məhkəmə saat 15:00-a təyin olunub. Hakim Əmir Bayramovdur.
Oktyabrın 5-də Səbail Rayon Məhkəməsi Ramin Bayramov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verib. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub. Avqustun 13-də Səbail Rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib.
Vəkil Ramin Məmmədov açıqlamasında bildirib ki, oktyabrın 11-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: “İstintaq hərəkətləri davam edir. İndiyə qədər heç bir üzləşmə prosesi keçirilməyib. Yalnız Ramin Bayramovun ifadələri alınır. Hər hansı şahidin dindirilməsi ilə bağlı məlumatımız yoxdur”.
Vəkil onu da bildirib ki, apellyasiya şikayətində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair məsələ də əlavə edib.
Ramin Bayramov MTN-in təcridxanasında saxlanır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır