6 oktyabr 2011 - 20:30

Mən Masallı Polis Şöbəsinin məni aldadan əməkdaşlarından çox qorxduğum üçün Sizlərə pənah gətirmişəm.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İ. H. ƏLİYEVƏ

Surəti: Baş prokuror - Z. Qaralova.

Surəti: Daxili İşlər Naziri - R. Usubova.

Surəti: Milli Təhlükəsizlik Naziri - E. Mahmudova.Masallı rayonu, Aqaşbəyli kənd sakini Piriyev Namiq İsgəndər oğlu tərəfindən

 

ƏRİZƏ:

(Təcili)

Möhtərəm cənab Prezident! Sizə bildirmək istəyirəm ki, 2011-ci ilin 24 yanvar tarixində heç vaxt tanımadığım, üzünü görmədiyim, səsini eşitmədiyim bir axundu, yəni Masallı rayonu Xıl kəndinin axundu Hacı Fəramiz Abbasovu şərləyərək həbs etmişlər. Bu hadisədən bir gün keçəndən sonra Masallı rayonu Polis şöbəsinin əməkdaşlarından 2 nəfər mənə yaxınlaşaraq, aldatmaq yolu ilə mənə bildirdilər ki, qonşu dövlət olan İranın “Səhər” kanalını bağlamaq üçün imza toplayırıq. Məni bu yolla aldadıb, ağ kağıza imza etdirib, şəxsiyyət vəsiqəmdəki məlumatları ora köçürtdülər. Hələ üstəlik mənə “sağ ol”-da dedilər. Mənim heç bir təhsilim yoxdur. Nə kiril, nə də latın əlifbasında yazıb-oxuya bilmirəm. Bu hadisədən bir müddət keçəndən sonra bu yaxınlarda Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsindən yaşadığım ünvana çağırış vərəqəsi gələndən sonra başa düşmüşəm ki, məni aldadaraq Hacı Fəramizin üzünə yalandan şahid yazıblar və bütün böhtanlara imza etdiriblər. Mənim savadsızlığımdan sui-istifadə edərək məni Mömin bir bəndənin üzünə şahid göstərməklə hüquqlarım pozulmuş, yaşadığım kənddə, bölgədə hörmətimə zərbə vurulmuş və el içində biabır olmuşam. Dost-tanışın üzünə baxa bilmirəm. Xeyr-şər məclislərində iştirak edə bilmirəm.Onu da bildirmək istəyirəm ki, 26.09. 2011-ci ildə Ağır Cinayətlər Məhkəməsində şahid kimi ifadə verərək aldatma yolu ilə məndən alınmış ifadədən xəbərim olmadığını Məhkəmə heyətinə bildirdim. Hətta proses iştirakçıları mənim necə savadsız və xəstə olduğumun şahidi oldular. Prosesdə onu da dedim ki, Hacı Fəramiz Abbasovu tanımıram, heç vaxt görməmişəm, hüzür məclislərində onunla rastlaşmamışam və bu məhkəmə prosesində gördüm və tanıdım. Həm də xəcalət çəkdim. Axı heç bir vaxt görmədiyim, tanımadığım adam haqqında necə şahidlik etmək olar?

Baxın, görün Masallı polisinin bəzi əməkdaşları mənim kimi sadə vətəndaşı, savadsız birisini Hacı Fəramiz kimi əliquranlı Axundun üzünə yalandan necə şahid kimi qoyur ki, öz məkrli planlarını həyata keçirtsinlər. Bunu Allah da bağışlasa, Hacı Fəramiz bağışlamaz axı!Məni Hacı Fəramizin üzünə nahaqdan qoyanlara Allahdan cəza istəməklə yanaşı Sizlərdən xahiş edirəm mənim, ailə üzvlərimizin təhlükəsizliyini təmin etmək üçün əlaqədar orqanlara göstəriş verəsiniz. Mən Masallı Polis Şöbəsinin məni aldadan əməkdaşlarından çox qorxub və ehtiyat etdiyim üçün Sizlərə pənah gətirmişəm. Bir daha Sizlərdən acizanə xahiş edirəm, mənim və ailə üzvlərimizin izlənməsinin, şərlənməsinin və təhlükəsizliyimizin təmin edilməsi üçün köməklik edəsiniz.

Allah Sizlərə kömək olsun.

İmza: Piriyev N. İ26. 09. 2011 Ş/V AZE № 05585415

Xatırlatmaq istərdik ki, bu ərizəni Piriyev N. İ –nin yaxınları redaksiyamıza təqdim etmişlər. Ərizə olduğu kimi dərc olunmuşdur.

XEBER44.com