3 oktyabr 2011 - 20:30

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu Ziyalıların İctimai Forumuna müraciət edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hacı İlqar ziyalıları həbsdə olan islamçıları müdafiə etməyə çağırıb.

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Doktor Mövsüm Səmədovun və başqalarının məhkəməsi başa çatmaq üzrədir. Dövlət ittihamçısı Mövsüm Səmədova və daha üç nəfərə 12 il, iki təqsirləndirilənə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası, bir nəfərə isə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti iş verilməsini istəyib.

Ziyalıların İctimai Forumuna müraciətində Hacı İlqar İbrahimoğlu yazır: “İttiham tərəfinin təqsirləndirilən şəxslərə çox ağır cəza istəməsi məhkəmənin təqribən hansı qərar çıxaracağını bəlli edir. Halbuki məhkəmənin gedişində təqsirləndirilən şəxslərin günahını sübut edən dəlil və sübutlar təqdim edilmədi. Belə olan şəraitdə təqsirləndirilən şəxslərin çıxışlarına görə təqib olunması ictimaiyyətə bir daha bəlli olur.

Bunu nəzərə alaraq ölkəmizin imicinə növbəti dəfə xələl gətirən, insan haqlarının pozulması mənasını daşıyan məhkəmə qərarının qəbul edilməməsi, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün imkanınız daxilində bütün səyləri göstərmək üçün sizlərə müraciət edirik. Gözlənilən sərt qərarın qəbulu insan haqlarını pozan, ədalətli mühakimə barədə konstitusion normalara zidd olan bir hal olmaqla bərabər hüquqi dövlət anlayışına əsaslanan durumu daha da uzaqlaşdıracaq, eyni zamanda ictimai gərginliyə səbəb olan ovqatlar yaradacaq. Bunları nəzərə alaraq məsələnin müsbət həllinə öz töhfənizi vermək üçün sizə müraciət edirik".

Sentyabrın 29-da Ziyalıların İctimai Forumu Bakıda “Cəmiyyət və əxlaq” adlı müzakirə keçirib. Müzakirənin sonunda bəyan edilib ki, hakimiyyətə müraciətlər ünvanlanacaq və müraciətlərin birində məhbus ictimai-siyasi fəalların həbsdən buraxılması xahişi yer alacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır