Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri zamanı Dünya Müsəlmanlarının Ali dini lideri Seyyid Əli Xamenei ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən daxil olan məlumata görə, “Fələstin xalq hərakatının müdafiə olunması” mövzusunda V beynəlxalq konfrans çərçivəsində dini liderlərin keçirilən görüşündə Azərbaycan xalqının salam dualarını İmam Seyyid Əli Xameneiyə çatdıran Allahşükür Paşazadə, Fələstin xalqının haqq mübarizəsinə hər zaman dəstək olduğunu deyib, xalqımızın haqq işi – Qarabağ probleminin həllində də müsəlman həmrəyliyinin vacibliyini bildirib.
Azərbaycan xalqına və onun rəhbərliyinə salamlarını yetirməyi şeyxülislamdan istəyən Dünya Müsəlmanlarının İmamı öz növbəsində Qarabağ probleminin həllində, ədalətin bərpasında İranın hər zaman olduğu kimi yenədə Azərbaycanın yanında olduğunu dilə gətirib.
Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə Azərbaycanla İran İslam Respublikası arasında mənəvi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, xalqlarımız və dövlətlərimizin mənafeyi naminə əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətindən söhbət açılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır