Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ diplomatlarının məxfi yazışmalarını yayımlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı açıqladığı gizli sənədlərin dərcini davam etdiririk. Dərc etdiyimiz növbəti məktub da ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersiyə məxsusdur. Enn Dersi 2008-ci il mayın 30-da Vaşinqtona göndərdiyi teleqramda ölkəmizdəki iqtisadi-biznes sahəsində hökm sürən dözülməz şərait və xarici şirkətlərin üzləşdiyi çətinliklərdən bəhs edir.
Azərbaycanda biznes mühiti Orta Asiyadakından da pisdir
Teleqramda Cənubi Koreyaya məxsus inşaat və nəqliyyat şirkətlərinin Azərbaycanda fəaliyyəti, görmək istədikləri işlər, onlara hökumət və məmur-oliqarxların yaratdığı problemlərin detalları yazılıb. Diplomat qeyd edir ki, yerli mətbuatda Cənubi Koreyaya məxsus inşaat və nəqliyyat şirkətlərinin Azərbaycanda uğurlu layihələr qazandığına dair xəbərlər verməsinə baxmayaraq, real vəziyyət tamam fərqlidir. Enn Dersi teleqramda ABŞ səfirliyinin iqtisadi məsələlərlə məşğul olan əməkdaşlarının Cənubi Koreyanın Inşaat və Nəqliyyat Nazirliyinin departament direktoru Yonq Seoq Kimlə müzakirələrinin təfərrüatlarına yer verib.
Keçmiş səfirin yazdığına görə, koreyalı rəsmi ölkəsinə məxsus şirkətlərin Azərbaycan hökuməti və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq müqaviləsi imzalayarkən ciddi problemlərlə üzləşmələrindən şikayətlənib. Yonq Seoq Kim deyib ki, neft-qaz sektoru Qərb şirkətlərinin nəzarətində olduğu üçün Koreya şirkətləri əsasən tikinti və nəqliyyat sektoruna maraq göstərir. Lakin bu sahədə də Azərbaycan hökumətinin yaratdığı ciddi problemlərlə üzləşirlər. Cənubi Koreya rəsmisi ölkəmizdə bizneslə məşğul olmağın, hətta Orta Asiya ölkələrindəkindən də çətin olduğunu söyləyib. “Nazirliyin departament direktoru qeyd edib ki, Azərbaycanda bizneslə məşğul olmaq, hətta Özbəkistan, Qazaxıstan və Türkmənistanda məşğul olmaqdan daha çətindir. Çünki həmin ölkələrdə biznesin müxtəlif sahələrinə investisiya qoyan və layihələr həyata keçirən koreyalı şirkətlər Azərbaycanda üzləşdikləri çətinliklərə rast gəlmirlər. O, koreyalı şirkətlərin mütəmadi olaraq məhz Azərbaycanda ciddi problemlərlə üzləşdiyini bildirib”, - deyə Enn Dersi yazır.
Koreyalılar qarşısında “Gilan” səddi
Cənubi Koreya rəsmisi amerikalı diplomatlara ölkəsinə məxsus bir şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus “Gilan Holdinq”lə əməkdaşlığı və bu əməkdaşlıq zamanı tərəflər arasında yaranmış ziddiyyətlərdən sonra onun fəaliyyətinə yaradılan problemlərdən danışıb: “Kim söyləyib ki, Cənubi Koreyanın ən iri tikinti konqlameratlarından biri ”GS”in əsas ortağı, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “GILAN Holdinq”lə münasibətləri pisləşməyənə qədər Bakının mərkəzində böyük ofisi və Cənubi Koreyadan gətirilən işçi qüvvəsi vardı. Şirkətlər arasında fikir ayrılığı yaranandan sonra “GS” paytaxtın mərkəzindəki ofisindən çıxarıldı və şirkətin əməkdaşları Cənubi Koreyaya geri qaytarıldı. Koreya şirkəti “Gilan Holdinq”lə münasibətlərinin pisləşməsindən sonra Azərbaycanda qalıb geniş bizneslə məşğul ola bilməyəcəyini anladı. Kimin sözlərinə görə, şirkətin Ələt portunun tikintisində əsas ortağı olan “Gilan Holdinq”siz inşaat işlərinə başlanmaqla bağlı müqaviləni imzalaması da mümkün olmayıb”.
Azərbaycan hökuməti müqavilə anlayışını bilmir
Nazirliyin departament direktoru diplomatlara Azərbaycan hökumətinin və yerli şirkətlərin əməkdaşlıq müqavilələrində şərtləri, eləcə də müqavilələrin imzalanması zamanı standartları gözləmədiyini bildirib: “Azərbaycan hökuməti və yerli şirkətlər müqavilə anlayışını bilmirlər. Onlar iş dünyasının prinsiplərinə uyğun razılaşma əldə edilməsini başa düşmürlər. Hər şeyi kortəbii şəkildə əldə etməyə çalışırlar. Yonq Seoq Kim səfirlik əməkdaşlarına bildirib ki, yaxın günlərdə Nəqliyyat Nazirliyi ilə yeni müqavilənin müzakirəsinin aparıldığı zaman gözlənilməz vəziyyətin şahidi olub. Belə ki, nazirliyin hüquqşünasları mövcud problemlərin müzakirəsi və aradan qaldırılması əvəzinə tez müqavilənin imzalanmasına çalışıblar. Kimin sözlərinə görə, koreyalı şirkətlər imzalanan müqavilələrdə bütün detalların qeyd olunmasında maraqlı olsa da, nazirliyin bu qayğıları nəzərə almaması koreyalıları dəhşətə gətirib. Nazirliyin departament rəhbərinin fikrincə, Azərbaycan hökuməti bu problemləri ya başa düşmür, ya da onların həllində maraqlı deyil”.
Azərbaycanda bütün xarici şirkətlər əziyyət çəkir
Keçmiş səfir teleqramın şərh hissəsində koreyalı şirkətlərin üzləşdiyi problemlərin yeni olmadığına işarə edir. Yazır ki, bu tip problemlər yalnız koreyalı şirkətlərin yox, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərmək istəyən bütün əcnəbi kompaniyaların üzləşdiyi maneələrdir: “Koreyalı rəsminin iradlarını nəzərə alaraq onu söyləmək olar ki, sadalanan problemlər digər ölkələrə məxsus şirkətləri də narahat edir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır