9 avqust 2011 - 19:30

Bəyanatda bildirilir ki, bu il yanvarın 2-də AİP sədri Mövsüm Səmədov ölkənin orta ümumtəhsil məktəblərində hicabın süni şəkildə qadağan edilməsi haqqında verilən göstərişi və bundan irəli gələn problemləri pisləyib. M.Səmədov həmçinin ölkədə islamofobiyaya, dini etiqad azadlığı haqqında vətəndaşların mənəvi hüquqlarını məhdudlaşdıran hallara qarşı etirazını ifadə edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bununla bağlı M.Səmədov və onu müdafiə edən bir neçə şəxs sonra inzibati qaydada həbs edilmiş və onlara qarşı həbs müddəti başa çatmamış heç bir aidiyyatı olmayan ağır ittihamlar irəli sürülüb.

AİP həbs olunanların fərdi keyfiyyətlərinə, onların vəkillərinin istintaq və məhkəmə araşdırılmasının gedişindəki münasibətinə istinad edərək bəyan edir ki, Mövsüm Səmədov və onunla birlikdə eyni ittihamlarla həbs olunanların heç vaxt ağır cinayət törətmək fikirləri olmayıb. Onlar heç kimə qarşı düşmənçilik münasibəti bəsləməyib, heç bir silah əldə etməyiblər. Amma bütün bunlara baxmayaraq, istər istintaq prosesində, istərsə də məhkəmə hazırlığı və ilkin məhkəmə istintaqında müdafiə tərəfinin əsaslı qaydada irəli sürdükləri çoxsaylı vəsatətləri təmin olunmayıb və rədd edilib. Bu isə məhkəmənin, eyni zamanda istintaq prosesinin qərəzli keçirilməsindən xəbər verir. Daha ziddiyyətli amil isə istintaq materiallarında həbs olunanların guya Qubada yaşayan yəhudi vətəndaşlarımıza qarşı terror və ya silahlı basqın edəcəkləri amilidir.

AİP belə bir əsassız ittihamı ölkəmizdə süni şəkildə milli və irqi qarşıdurma yaradacaq amil kimi qiymətləndirir. Çünki bu kimi hallar xalqımızın mental xüsusiyyətlərinə daxil olmayıb. Buna uyğun olaraq AİP öz Nizamnaməsində belə hər cür milli və irqi ayrıseçkiliyi rədd edir, cəmiyyətdə barış, qardaşlıq, insan haqlarının, izzət və ləyaqətin qorunmasına çalışır. Bu, həm də ümumən İslam dininin əsas tələblərindəndir.

Biz məhkəmə istintaqında günahsız insanlara bəraət verilməsini, həbs olunanların simasında xalqımızın beynəlxalq imicinə süni zərər və ləkə gətirə biləcək cəhdlərin tezliklə aradan qaldırılmasını tələb edir, Ramazan ayının sonuna qədər həmin insanların ailələrinə qovuşmalarını Uca Tanrıdan istəyirik.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır