Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Ermənistan prezidenti əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün Azərbaycanla hərbi münaqişə yarada bilər”. Türkiyəli jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Araz Əzimov belə deyib.
“Turan”ın məlumatına görə, Araz Əzimov Ermənistan prezidenti Serj Sərkisyanın müxalifətin böyük təzyiqi altında olduğunu vurğulayıb: “Azərbaycanla münaqişə yaratmağa müvəffəq olsa, o, xaricdən yardım alacaq və müxalifəti dağıdacaq. Cəbhə xəttində son gərginliklər məhz bununla izah olunur”.
Nazir müavini əlavə edib ki, müharibə başlayarsa, Azərbaycan ordusu işğal olunmuş əraziləri azad edəcək: “Beynəlxalq hüquq bizə öz ərazimizdə antiterror əməliyyatları həyata keçirmək üçün ordudan istifadə hüququ verir”.
Qarabağ danışıqlarının gedişini şərh verən Araz Əzimov deyib ki, Yerevanın problemin həllini axtarmaqda maraqlı olmadığı getdikcə daha aydın görünür: “Serj Sərkisyan əvvəllər əldə edilmiş razılıqlardan imtina edib. 2004-2007-ci illərdə belə olub, ötən il isə o, Minsk qrupunun 2009-cu ildə Afinada təklif etdiyi yenilənmiş Madrid prinsiplərini qəbul etməyib. İndi Ermənistan Laçın dəhlizinin detallarını və Azərbaycanın Ermənistan ərazisi üzərindən Naxçıvanla əlaqəsinin müzakirəsindən imtina etdi. O həmçinin deyir ki, azərbaycanlılar Dağlıq Qarabağın yekun statusu müəyyən edilmədən öz evlərinə qayıda bilməzlər”.
Dağlıq Qarabağın statusuna gəlincə, nazir müavini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünüidarə üçün müxtəlif düsturların ola biləcəyini vurğulayıb.
Araz Əzimov Rusiya və İranın Ermənistana dəstəkləməsindən məyusluğunu da gizləməyib: “Rusiya Ermənistan iqtisadiyyatının 70 faizinə nəzarət edir. Onun sərhədlərini rus əsgərləri mühafizə edir və onlar erməni ordusuna yardım edirlər, deyə o bildirib. İran da Ermənistanla isti münasibətlər qurub. Bu ölkə Türkiyə kimi Ermənistanla sərhədlərini bağlasa, Yerevan Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi məsələsində daha üzüyola olardı”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır