Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin zorakılığa məruz qalması ilə bağlı Respublika Prokurorluğunun apardığı araşdırmanın nəticəsindən Səbail Rayon Məhkəməsində verilən şikayətə baxılması iyulun 15-dək təxirə salınıb. Məlumatı “Media forum” saytına vəkil Elçin Namazov verib.
Vəkilin sözlərinə görə, məhkəmə iclasının təxirə salınmasına Respublika Prokurorluğunun nümayəndəsinin iclasa gəlməməsi səbəb olub.
Elçin Namazov qeyd edib ki, Bəxtiyar Hacıyev məhkəmə iclaslarında özünün iştirak etməsi üçün Səbail məhkəməsinə müraciət etsə də, onun istəyi nəzərə alınmayıb.
Bununla yanaşı prosesə sədrlik edən hakim Famil Nəsibov vəkilə deyib ki, məhkəmə araşdırması zamanı Bəxtiyar Hacıyevə fiziki təzyiq göstərməkdə günahlandırılan şəxslərin heç biri dindirilməyəcək: “Hakim dedi ki, məhkəmə iclasında təkcə Respublika Prokurorluğunun nümayəndəsi olacaq və əlavə heç kim dindirilməyəcək. Mən, təbii ki, etiraz edib bildirdim ki, Hacıyevi döyən şəxsləri dindirilməsə, bunu məhkəmə araşdırması saymaq mümkün deyil. Mən iyulun 15-də məhkəmə iclasında Bəxtiyar Hacıyevi döyən şəxslərin, onun polis idarəsində və saxlanma təcridxanasında zorakılığa məruz qalmadığı barədə düzgün olmayan akt tərtib edən şəxslərin və nəhayət, Bəxtiyar Hacıyevin özünün məhkəmə iclasına gətirilməsi üçün vəsatət verəcəm. Vəsatət təmin olunmasa, prosesi tərk edəcəm, formal keçirilən məhkəmədə mənim iştirakım artıqdır”.
ABŞ-ın Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev martın 4-dən həbs olunub. Mayın 18-də o, Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.
Mart ayında Respublika Prokurorluğunun İstintaqa Nəzarət İdarəsindən Gəncədəki 2 saylı təcridxanaya Bəxtiyar Hacıyevin şikayəti üzrə onun polis idarəsində və saxlanma təcridxanasında zorakılığa məruz qalıb-qalmadığını araşdırmaq üçün nümayəndələr göndərilib. Martın 28-də prokurorluq Bəxtiyar Hacıyevin döyülməsini təsdiqləməyərək cinayət işi başlanması ilə bağlı müraciəti rədd edib. Bundan sonra Bəxtiyar Hacıyev Respublika Prokurorluğunun apardığı araşdırmanın nəticəsindən Səbail Rayon Məhkəməsinə şikayət verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır