13 iyul 2011 - 19:30

"Mənim adımdan yalan danışma. Danışarkən gözümün içinə bax. And olsun Allaha sən yalan deyirsən. Kişisənsə, sən də and iç Allaha. Bu iddialar yalandır."

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, Masallı ruhanisi Hacı Fəramiz Abbasov, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin növbəti məhkəmə prosesi keçirilib.

Proses başlamamışdan qabaq Masallı ruhanisi məhkəmə zalına müracitə edərək bildirdi ki, “Biz şəhadət istəmişdik, zindana düşdük. Bunlar qorxaqdırlar. Bizi əsasız iddialarla həbs ediblər. Yezid, İmam Hüseyn (ə) ailəsi ilə görüşə icazə verdilər. Amma bunlar mənə ailəmlə görüşə icazə vermirlər.”

Məhkəməni açıq elan edən hakim Eldar İsmayılov ilk öncə bildirdi ki, məhkəmənin iclas katibi dəyişdirilib. Yeni məhkəmə iclası katibi Eyvazov Akifdir. Bundan əlavə Zülfüqar Mikayılov dövlət tərəfindən təyin oluan vəkildən imtina edib. Zülfaqar Mikayılovun yeni vəkli Rüstəm Zülfiqarovdur.

Bundan sonra vəkillər vəsatətlərini təqdim etdilər. İlk öncə Azərbaycan İslam Partiyasının sədrinin vəkili Anar Qasımov vəsatətlərini təqdim etdi. O, müdafiə etdiyi şəxsin cinayət işində dəlil-sübutların olmadığını deyərək, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldıraraq müvəkkilinin dərhal azad olunmasını tələb etdi. Həmçinin qeyd etdi ki, əgər bu vəsatət təmin olunmasa, Səmədov barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmalıdır.

Dövlət ittihamçısı isə vəsatətlərin rədd olunmasını istədi.

Vəkil vəsatətlərini təqdim edərək bildirdi ki, hazırda Mövsüm Səmədovun himayəsində yetkinlik yaşına çatmamış 3 uşaq var. Bakı şəhərində yaşayır. Azərbaycan İslam Partiyasının sədridir. Siyasi fəaliyyətlə məşğuldur. O, mənəvi dəyələr uğrunda mübarizə aparır. Hakimiyyətə gəlmək fikri yoxdur. O, hicab qadağasına etiraz edib.

Partiyan sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayevin vəkili Nemət Heydərov da müvəkkili barədə açılmış cinayət işindən vəsatət verdi. Vəkil açılan cinayət işini qanunsuz hesab edərək vurğuladı ki, “necə olur, Vaqif Abdullayev bir gün ərzində həm silah topladı, həm də dövlət çevrilişi etmək istədi. Mən xahiş edirəm bu işə diqqət yetirin cənab hakim. Müvəkkilim dərhal azad olunmalıdır. Əgər bu vəsatətim təmin olunmasa, Vaqif Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun.”

Dövlət ittihamçısı isə yenidən vəsatətlərin rədd olunmasını istədi. Və bildirdi ki, vəkillərin qaldırdığı vəsatətlər əsasızdır.

Dövlət ittihamçısına etiraz edən Mövsüm Səmədovun vəkilli Anar Qasımov, məhkəmənin baş hakiminə bildirdi ki, dövlət ittihamçısı Vüqar Qalibov ancaq vəkilləri ittiham edir. Cinayət işinə toxunumur.

Məhkəminin hakimindən söz alan Vaqif Abdullayev isə bildirdi ki, “mənim 60 yaşım var. 7 ay ərzində heç kim məndən heç nə soruşmayıb. Bu ədalətsizlikdir. Biz Allah partiyasının nümayəndələriyik. Bizə bu cür ittihamlar atmayın. Məni 7 yanvar 2011-ci il tarixində saxlayaraq, 10 günlük azadlıqdan məhrum ediblər. Həbsdə saxlanılarkən 3 dəfə mənim üçün təcili tibbi yardım çağırılıb. Mən partiyanın təşkilati məsələr üzrə müaviniyəm. Camaatı Baş Məclisin iclasına dəvət etmək nə vaxtdan cinayət olub? Allah adı olan partiyaya cinayətkar demək olmaz. Terrorçunun dini, milliyəti, irqi yoxdur. Mən Leninqrad Universitetində dərs demişəm. Amma gəldim ki, vətənimə xidmət edim. Bu cür cavanlara dərs deyim (prokurora işarə edir). İndi görün məni nə ilə ittham edirlər. Mən iki dəfə infarkt keçirmişəm. Mən dərhal azad olunmağımı tələb edirəm.”

Rufulla Axundov: “Biz qeyrət üstündə həbs edilmişik. Bu prokuror sakit otursun.”

Bu arada AİP sədri Mövsüm Səmədovun yoldaşı Mehbarə Səmədova müdaxilə edir: “Məhkəmənin səsini eşitmirik. Bu necə sivil ölkədir ki, məhəkəməyə bir mikrofon da yerləşdirə bilmirlər. Biz bu işi əsasız sayırıq. Siz istəyirsiniz bizim əzizlərimizi zindana salasınız.”

Vəkil Anar Qasımov: “Wikileaksın rəhbəri Culian Assance bütün dünyanı bir-birinə vurdu. Amma 10 min avro əvəzlə sərbəst buraxdılar. Bunlar heç bir cinayət törətmədiyi halda, ev dustaqlığı verilmir.”

Daha sonra Fəraməz Abbasovun vəkili Məzahir Şahmarov iki vəsatətlə çıxış etdi. O, müvəkkilinin dərhal azad olunmasını tələb etdi. Əgər bu vəastət təmin olunmasa, barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun. Vəkil bildirdi ki, “bu şəxslər kimlərinsə xoşuna gəlmirsə, deməli qurban getməlidirlər. Müvəkkilim dindirlərkən vəkillə təmin olunmayıb. Masallı məhkəməsi qanunsuzluğa yol verərək gecə tələm-tələsik qərar çıxarıb. Bundan əlavə 4 nəfər şahid var. Onlardan 2-i polis, 2-i isə hal şahididir. Bizim tərəfdən şahidlər qəbul olunmur. Bu istintaq çox gülməlidir.”

Müvəkkil vəkilnin vəsatətinə dəstək olaraq bildirdi ki, “7 aydır bu məhkəmələr bizə zülm edir. Mən sənə şans verirəm. Mənim adımdan yalan danışma. Danışarkən gözümün içinə bax. And olsun Allaha sən yalan deyirsən. Kişisənsə, sən də and iç Allaha. Bu iddialar yalandır. Yalandan mənim adımdan yazıblar ki, guya mən vəkilimdən imtina etmişəm. Nə oldu, bu yas məclisləri terror məclisi imiş. Anamın həyətinə silah qoyublar. Niyə silahda əl izi axtarmırsınız? Anasının balaları olan hal şahidləri gətiriblər. Mən cinayət törətməmişəm ki, sizdən də xahiş edəm. Mən tələb edirəm. Məni azad edin. Ailəmlə görüş verin!”

Vaqif Abdullayev: “Cənab hakim burda əyləşənlər 9 milyonluq Azərbaycan xalqının ləyaqətli övladlarındandır. ”

Çıxış edən Rufulla Axunzadənin vəkili Sadiq Bağırov digər vəkillərdən fərqli olaraq üç vəsatətlə çıxış etdi. Vəkil bildirdi ki, cinayət işində heç bir dəlil-sübut yoxdur. Bu cinayət işinə xitam verilinsin. Və müvəkkilim dərhal azad olunsun. O, həmçinin qeyd etdi ki, əgər bu vəsatət təmin olunmasa, müvəkkilimin barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilsin. Üçüncü vəsatətim bundan ibarətdir ki, müvəkkilim Rufulla Axundzadənin İran İslam Respublikasının “Səhər” telekanalına verdiyi müsahibə məhkəmədə dinlənilsin. Təəssüf edirəm ki, çıxışlardan bir neçə söz çıxarılıb. Əgər tam təqdim olunsaydı bu cür olmazdı.”

Vəkil Sadiq Bağırovun çıxışından sonra məhkəminin baş hakimi Eldar İsmayılov digər məhkumlar Zülfüqar Mikayılov, Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun vəsatətlərinə iyulun 21-i saat 10:00-da baxılacağını bildirib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmədə baş hakim Eldar İsmayılov dövlət ittihamçısı baş prokuror Zakir Qarlovun birinci müavini Vüqar Qalibova xəbərdarlıq edib. Hakim onu yersiz müdaxilələrdə ittiham edib. Vəkillər isə müvəkkiləri barədə sübutların siyahısının növbəti məhkəmədə təqdim olunmasını tələb ediblər.

Tural Həsənli

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır