Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 8 iyul Azərbaycan elinin fədakar dindarları, AİP-in lideri Doktor Mövsüm Səmədov, Ruhani Seyyid Fəramiz Abbasov, Quran Hafizi Hacı Zülfüqar Mikayılzadə, AİP-in sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Hacı Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev və əmisi oğlu Dəyanət Səmədovnin məhkəməsi keçirildi.
Məhkəmə işi ilə tanışlıq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində keçirilmişdir.
Daha sonra Mövsüm Səmədovun vəkili Anar Qasımov, hüququnu müdafiə etdiyi şəxsin heç bir ictimai təhlükə törətmədiyini bildirərək, onun dəmir barmaqlıqlar arxasında deyil, yanında oturması vəsatəti ilə çıxış edib. Amma onun vəsatətinə AİP sədri etiraz edib və "mənə burada oturmaq daha rahatdır", - deyib.
Hakim Eldar İsmayılovun Mövsüm Səmədovdan iş yeri barədə sualına AİP-in Lideri məğrurcasına "mən Azərbaycan İslam Partiyasının sədriyəm", - deyə cavab verib. E.İsmayılov İslam Partiyasının "qeydiyyatının olmadığını" söyləməsinə isə qarşı tərəfin cavabı belə olub: "AİP 1992-ci ildə dövlət qeydiyyatına alınıb, lakin 1996-cı ildə qeydiyyatı ləğv olunub".
Zülfüqar Mikayılzadənin vəkili Gülşən Paşayeva isə çıxış edərək, bu gün başqa bir məhkəmə işinin olduğunu və mümkünsə məhkəmənin gələn həftəyə təxirə salınmasını xahiş edib. Beləliklə qərara alınıb ki, hər həftənin cümə axşamı günü səhər saat 11.00-da məhkəmə iclası keçirilsin.
Qeyd edək ki, bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Doktr Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar.
Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Doktr Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib. Onlar polisə tabe olmamaqda şərrlənərək təqsirli biliniblər.
Həmin gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Doktr Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun işlədiyi dükanda əməliyyat-axtarış tədbirləri keçirib. Doktr Mövsüm Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altında 3 ədəd əl qumbarası qoyaraq, habelə yaşadığı evdə 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcıları ataraq Dəyanət Səmədovu həbs ediblər.
Yanvarın 11-də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb. 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraqı F.Məmmədrızayevin evinə ataraq onu yanvarın 13-də həbs ediblər.
Yanvarın 18-də AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevə, ayın 20-də isə Doktr Mövsüm Səmədova ittiham irəli sürülüb.
Həmin ay partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qabaqcadan həyətlərində silah-sursat yerləşdirən əliyevlərin məmurları odlu silahları aşkar edildikdən sonra onları da həbs ediblər.
İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə dövlət tərəfindən şərrlənilərək ittiham olunurlar.
Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə şərrlənərək yeni ittiham irəli sürülüb.
Bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.
2007-ci ildə partiya sədri seçilən Doktor Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ölkə səviyyəsində rəvac verdiyi korrupsiyaya, qanun pozğunluğuna, işğalçı sionist rejimin göstərişlərini əliyevlər tərəfindən canla və başla həyata keçirilməsini tənqid edərək Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və aleh) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır